Şəhid ailəsinin üzvü Yeganə Məmmədova, 1-ci Qarabağ müharibəsinin veteranı Təranə Həsənova qardaşları sahibkar Həsənov Üzeyir Nadir oğlu ilə bağlı Prezident İlham Əliyev müraciət edib.
E-huquq.az-ın redaksiyasına daxil olan müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə və seçdiyiniz siyasi yola sonsuz bağlılığımızı və sədaqətimizi bir daha ifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünun bərpası istiqamətində gördüyünüz əvəzolunmaz işlərə görə Sizin qarşısınızda bir daha baş əyirik!
Möhtərəm cənab Prezident! Sizə müraciətimizin məqsədi həbsdə olan qardaşımız Üzeyir Həsənovun səhhətində yaranan problemlə bağlıdır.
Belə ki, Həsənov Üzeyir Nadir oğlu gənc yaşlarından sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və ömrü boyu öz doğmalarına qayğı göstərməklə yanaşı, yüzlərlə insana əl tutaraq onların dərdinə və problemlərinə şərik olmuşdur. O, həyatı boyunca ədalətli və dürüst olmaq prinsipləri əsasında yaşamış, daima ölkənin siyasi kursunu dəstəkləmiş və heç vaxt Dövlətimizin əleyhinə olan bir iş görməmişdir. Lakin 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onun barəsində cinayət işi çərçivəsində ağır cinayətə görə (mənimsəmə və talama) maddələri üzrə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Çox hörmətli cənab Prezident! Qardaşımız Üzeyir öz fəaliyyətini daima qanuna, dürüstlüyə və etibara arxalanan prinsiplər əsasında qurmuşdur. Hər bir insanın fəaliyyətində qüsur və çatışmazlıqlar ola bilər, lakin Dövlətin əmlakına qəsd etmək, talamaq – bu mümkün deyil!
Möhtərəm Prezident, üzümüzü Sizə tutaraq xahiş edirik! Bir neçə ailəyə qayğı və yardım göstərən, Azərbaycanın qeyrətli oğlu kimi tanınan, hər daim Azərbaycan Xalqının, Dövlətinin və Prezidentinin yanında olan qardaşımız Üzeyirin səhhətində yaranan ciddi problemləri nəzərə alaraq (şəkər, təziq və ürək çatışmazlıqları var) onun barəsində seçilmiş ən ağır həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması üçün köməklik göstərməyinizi həm bacıları, həm bu işdə bizim ailədən dəstəyini əsirgəməyən, daha əvvəl də Sizə öz imzaları ilə müraciət etmiş Şuşa ziyalılarının, yüzlərlə insanın adından xahiş edirik!
Bizi narahat edən sadəcə doğma qardaşımızın səhhətidir. İstintaqın aparılmasından heç bir narazılığımız yoxdur. Havaların isti və ağır keçməsi, pandemiya şəraitinin hələ də davam etməsi onun səhhətini daha da ağırlaşdırmaqdadır. Qeyd etmək istəyirik ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi istintaqın gedişatına heç bir halda mane olmayacaqdır.
Rəhm və xeyirxahlığınız qarşısında baş əyərək, inanırıq ki, bizim müraciətimizə dəstək olacaqsınız!
Allah Sizi qorusun!"
Qeyd edək ki, məsələ ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə də müraciət olunub.
