"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar öz müsbət nəticələrini göstərməkdədir".
E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitabın təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycanda inzibati məhkəmələrin yaradılması, prosessual qanunvericiliyə mütərəqqi müddəaların daxil edilməsi, məhkəmələrin aparatlarının təkmilləşdirilməsi də müsbət dəyişiklikləri daha sürətləndirir.
"Məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının daha geniş şəkildə tətbiqi ölkə ərazisində insan hüquqlarının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edəcək", – deyə Ç.Əsgərov qeyd edib.
Xəyalə Bünyatova
