Məzmuna keç

“Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklər məhkəmələrin fəaliyyətinin təkmilləşməsinə gətirib çıxaracaq”

"Ötən ilin oktyabrın 1-dən Mülki Prosessual Məcəlləyə əhəmiyyətli dəyişikliklər edilib. Fikrimizcə, bu dəyişikliklər mütərəqqi xarakter daşıyan əlavələrdir ki, bunlar da məhkəmələrin fəaliyyətini mühüm şəkildə dəyişdirəcək və təkmilləşməsinə gətirib çıxacaq".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitabın təqdimat mərasimində çıxış edərkən deyib.

O qeyd edib ki, elektron icraata keçməklə bağlı bəzi məsələlər ortaya çıxıb və bunlar Ali Məhkəmə ilə Ədliyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində həll olunmaqdadır: "Ümid edirəm ki, elektron kabinetlə bağlı məsələlər yaxın gələcəkdə həll olunacaq. Son zamanlar qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, Ali Məhkəmənin funksiyalarından biri də vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Bu istiqamətdə Ali Məhkəmənin kollegiyaları tərəfindən artıq bir neçə qərardadlar qəbul edilib ki, hər hansı fərqli mövqelər, boşluqlar mövcuddursa, bununla bağlı artıq məhkəmə təcrübəsi formalaşdırılıb. Bu da artıq presedent hüququ kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Ali Məhkəmənin fəaliyyəti bu istiqamətdə davam etdiriləcək. Biz öz üzərimizdə daim işləyirik. Ümid edirəm ki, gələcəkdə daha yaxşı və hüquq baxımından səmərəli qərarları müşahidə edəcəyik".

Sədr müavini bildirib ki, Azərbaycanın məhkəmə sistemi daim fəaliyyətdə və inkişafdadır: "Avropada beynəlxalq sənədlərin, beynəlxalq müqavilələrin yaşayan alətlər olduğunu deməyi xoşlayırlar. Bizim təcrübəmiz və Ali Məhkəmənin fəaliyyəti də sabit qalmır. Biz də çalışırıq ki, inkişaf edək, Azərbaycanda hüquq sisteminin inkişafına, təkmilləşdirilməsinə öz töhfəmizi verək. Bu kimi tədbirlərdə iştirakımız onu göstərir ki, biz düzgün istiqamətdəyik və müsbət nəticələr əldə ediləcək".

Xəyalə Bünyatova