Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün 29 iyul 2019-cu il tarixli qərarında hüquqi nizam-intizam yaratmaq üçün nikaha xitam vermə səlahiyyəti olan Qeydiyyat şöbələrinə (ZAQS) və məhkəmələrə tövsiyə edib ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiq olmasını izah etsinlər.
Qərardan 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, indiyədək bu müddəanın tətbiq olunmasına rast gəlinmir. Əslində bu Qərara uyğun olaraq Qeydiyyat şöbələri və məhkəmələr tərəflərə izah etməlidirlər ki, onlar bir-birinə qarşı əmlak bölgüsünə dair tələbi 3 illik iddia müddəti ərzində irəli sürə bilərlər bə bu müddətin ötürülmısi hansı nəticələrə səbəb ola bilər.
Qeydiyyat şöbələrini bir kənara qoyaq, mən hələ elə bir məhkəmə qətnaməsi görməmişəm ki, orada boşanan tərəflərə bu barədə izah verilsin. Görünən odur ki, Konstitusiya Məhkəməsinin tövsiyələri məhkəmələr tərəfindən dərindən öyrənilmir və müfəssəl tətbiq olunmur.
Möhtərəm hakimlər, heç olmazsa, bundan sonra çıxardığını boşanma qətnamələrinin nəticə hissəsinə bir cümlə əlavə edin.
Anar Qasımlı
Sumqayıt Regional Vəkil Bürosunun müdiri
