Məzmuna keç

Bakıda qadını müdafiə etmək istəyən qazi qətlə yetirildi

Nəsimi rayon prokurorluğu ötən gecə törədilən qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan e-huquq.az-a verilən xəbərə görə, avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.

Qeyd edək ki, N.Muradov naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub. O, dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb. Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib. Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.