Xəbər verdiyimizi kimi, vəkil Ramil Rüstəmov Şirvan Polis Şöbəsində saxlanılan müvəkkili Elgün Quliyevlə görüşə buraxılmaması barədə açıqlama yaymışdı.
E-huquq.az-ın məlumatına görə, o, artıq barəsində həbs-qətimkan tədbiri seçilən Elgün Quliyevlə bu gün axşam saatlarında görüşdüyünü deyib: “Nəhayət, Vəkillər Kollegiyasının rəhbərliyi işə qoşulub, mənə dəstək verdikdən sonra formal da olsa, 3 dəqiqəlik görüş baş tutdu".
Qeyd edək ki, məsələ ilə bağlı Daxili işlər Nazirliyi də açıqlama yayıb.
Açıqlamada deyilir:
"Şirvan şəhər sakini Elgün Quliyev narkotik vasitələrin və onların perekusorlarının qanunsuz dövriyyəsi şübhəli bilindiyi üçün yanvarın 18-də şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik maddə olan heroin götürülüb. Faktla bağlı E.Quliyev barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
E.Quliyevə qarşı polis şöbəsində hər hansı bir işgəncə verilməsi ilə bağlı qeyd edilən iddialar isə həqiqətdən uzaq və böhtan xarakterlidir.
Bundan əlavə vəkil R.Rüstəmovun vəkil orderinin müstəntiq tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd etdiyi iddialar da həqiqətdən uzaqdır. Belə ki, vəkil polis şöbəsinə order təqdim edən zaman müstəntiq saxlanılan E.Quliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sonuncu ilə birlikdə aidiyyəti üzrə şəhər prokurorluğuna, daha sonra isə şəhər məhkəməsinə yollanıblar. Bu zaman vəkil R.Rüstəmova keçirilən proseslərdə iştirak edə biləcəyi, məhkəmə prosesindən sonra isə hüquqlarını müdafiə etdiyi şəxslə görüşə biləcəyi izah olunub".
