Məzmuna keç

Sabiq deputat Dünyamin Xəlilova yeni hökm oxundu

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə D.Xəlilovun ümumi məhkumluq müddəti 14 il 9 aya, A.Cavadovun məhkumluq müddəti isə 12 il 6 aya qaldırılıb.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Cavadov 10 il 11 ay və Dünyamin Xəlilov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.