Süni intellekt sayəsində stetoskop ürək problemlərini 15 saniyəyə aşkar edir


  • 16:34

Tibb aləmində 200 ildən artıqdır istifadə edilən stetoskop süni intellektin dəstəyi ilə böyük transformasiyadan keçir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada Imperial College London və Imperial College Healthcare NHS Trust tərəfindən hazırlanmış yeni cihaz ürək çatışmazlığı, qapaq xəstəlikləri və qulaqcıqların fibrilasiyası kimi ritm pozğunluqlarını cəmi 15 saniyəyə aşkar edə bilir.

Kaliforniyada yerləşən Eko Health tərəfindən istehsal olunan cihaz təxminən bir kart qalınlığındadır. Cihaz Xəstənin sinəsinə yerləşdirilərək ürəyin elektrik siqnallarını və qan axını səslərini təyin edir. Bu məlumatlar süni intellekt alqoritmlərinin anormallıqları təhlil etdiyi buludlara təhlükəsiz şəkildə ötürülür. Nəticələr saniyələr ərzində mobil telefona göndərilir. Böyük Britaniyada 200 ailə həkimliyi klinikasında 12.000 xəstə üzərində aparılan sınaqlarda cihaz yüksək dəqiqlik nümayiş etdirib.

Mütəxəssislər ürək xəstəliklərinin erkən diaqnozunun çox vacib olduğunu deyirlər. Bir çox ürək çatışmazlığı halları yalnız xəstələr ağır vəziyyətdə xəstəxanaya yerləşdirildikdə aşkar edilir. Süni intellektlə işləyən stetoskop sayəsində ailə həkimləri riskləri erkən müəyyən edə, həyat qurtaran müalicələrə daha tez başlanmağa imkan verir.

Səhiyyə mütəxəssislərinin fikrincə, texnologiya təkcə insanların həyatını xilas etməyəcək, həm də ciddi fəsadların qarşısını almaqla səhiyyə xərclərini azaldacaq.

Tədqiqata dəstək verən Britaniya Ürək Fondu və Milli Sağlamlıq Araşdırmaları İnstitutu yeni texnologiyanı müsbət qiymətləndirib. Tədqiqatçılar vurğulayıblar ki, müasir diaqnostik cihazlar hazırda icma sağlamlıq mərkəzlərində tətbiq olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər