“The Telegraph”: Çin gizli şəkildə Rusiyanı silahlandırır


  • 3 Sentyabr 16:18

Çin şirkətləri 2023-2024-cü illər arasında dron istehsalına görə sanksiyaya məruz qalan Rusiya firmalarına ən azı 55 milyon avro dəyərində hissə və material tədarük edib.

E-huquq.az xəbər verir ki, bu barədə “The Telegraph”ın araşdırma yazısında qeyd edilib.

Bu məbləğin təxminən dörddə biri - 12,5 milyon avro Tatarıstandakı xüsusi iqtisadi zonada yerləşən, İran istehsalı olan "Shahed" dronlarını yığan müəssisələrə göndərilib.

Çinin Rusiyaya ixrac etdiyi mallara təyyarə mühərrikləri, mikroçiplər, metal ərintiləri, kamera linzaları, fiberglas, fiberglas bağlayıcılar və karbon lifli filamentlər daxildir.

Araşdırmalar nəticəsində ümumilikdə 97 Çin təchizatçı şirkəti müəyyən edilib.

Qeyd edilib ki, Çin neytrallığını bəyan etsə də, bununla belə, onun dron hissələrinin tədarükü Pekin və Moskva arasında sıx hərbi əməkdaşlığa işarə edir.

Çinə görə hərbi texnika və ya qoşun göndərməklə müharibədə birbaşa iştirak strateji maraqlar baxımından çox risklidir. Buna görə də Pekin Moskvaya dolayı yolla dəstək verir, Çin şirkətlərinin ikili təyinatlı məhsulları ixrac etməsinə imkan yaradır.

Bu isə 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsinin 246 milyard avro ilə rekord səviyyəyə çatmasına səbəb olub.

Humay Eminqızı

Oxşar xəbərlər