“Apple”ın süni intellektlə işləyən “Siri” versiyası gələn il təqdim ediləcək


  • 11:54

“Apple” şirkəti “LLM Siri” adlandırılan süni intellekt əsaslı yeni nəsil virtual assistentini 2026-cı ilin əvvəlində istifadəyə verməyə hazırlaşır.

E-huquq.az xəbər verir ki, “Bloomberg” analitiki Mark Gurmanın verdiyi məlumata görə, Apple daxilində “cavab mühərriki” kimi tanınan bu texnologiya “LLM Siri”nin axtarış və məlumat əldəetmə imkanlarını daha da inkişaf etdirəcək.

Qeyd edək ki, “LLM Siri” - WWDC 2024 tədbirində elan olunmuş, lakin təxirə salınan tam funksiyalı süni intellekt Siri versiyası deyil. Yeni sistem daha çox veb-axtarış mühərriki funksiyasını yerinə yetirəcək və istifadəçilərin verdiyi ümumi məlumat suallarına müxtəlif mənbələrdən qısa, aydın və xülasələnmiş cavablar təqdim edəcək.

“Apple”ın planlarına əsasən, bu funksiya ilk olaraq Siri üzərindən əlçatan olacaq. Daha sonra “Spotlight” axtarışı və “Safari” brauzerinə də inteqrasiya ediləcəyi gözlənilir. Bu da istifadəçilərə təkcə mətn deyil, həm də vizual, multimedialı və yerli məlumatları əhatə edən cavablara çıxış imkanı yaradacaq.

“Apple” daxilində bu yeni texnologiya “World Knowledge Answers”, yəni “dünya biliyi cavabları” adı ilə də tanınır. Sistem, “Google” və “OpenAI”nin öz platformalarında təqdim etdiyi süni intellekt əsaslı axtarış xülasələrinə bənzər şəkildə işləyəcək.

Analitiklərin fikrincə, “LLM Siri” 2026-cı ildə təqdim olunması planlaşdırılan növbəti “Siri” yenilənmələrinin əsas hissəsi olacaq. Dəqiq buraxılış tarixi açıqlanmasa da, ilkin mərhələdə 2026-cı ilin əvvəli hədəf kimi göstərilir.

“Apple” 2024-cü ildə “iPhone” 16-nın təqdimatı zamanı “Siri”nin generativ süni intellekt xüsusiyyətlərini təqdim etsə də, bu yeniləməni gecikdirib. Hətta bəzi istifadəçilər “aldadıcı reklam” səbəbilə “Apple”a qarşı məhkəmə iddiası da qaldırıblar.

Uzun müddətdir gözlənilən “tam funksiyalı” “Siri” yeniləməsinin isə bəzi ehtimallara görə, 2027-ci ildə iOS 28 (yeni adıyla iOS 20) ilə istifadəyə veriləcəyi gözlənilir. Lakin “LLM Siri”nin 2026-cı ildə istifadəyə verilməsi ehtimalı gündən-günə artır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər