Dinozavrlarla qidalanan timsah aşkar edildi


  • 12:01

Argentinanın cənubunda, Pataqoniya bölgəsində aparılan arxeoloji qazıntılar zamanı alimlər dinozavrlarla qidalandığı güman edilən qədim və nəhəng bir timsah növünün fosilini aşkar ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni növə "Kostensuchus atrox" adı verilib. Təxminən 70 milyon il əvvəl, Təbaşir dövrünün sonlarına yaxın yaşamış bu yırtıcının timsah və alliqatorlarının uzaq qohumu olduğu bildirilib.

Elm adamlarının hesablamalarına görə, "Kostensuchus atrox" təqribən 3,5 metr uzunluğa və 250 kiloqram çəkiyə malik olub. Güclü çənə quruluşu və mişar dişləri ona iri ovları parçalamaqda üstünlük verib. Paleontoloqlar bildirirlər ki, bu yırtıcı həm quruda, həm də su hövzələrində ov edə bilirdi və ot yeyən dinozavrları asanlıqla məğlub edirdi.

"Kostensuchus atrox"un skeleti 2020-ci ilin mart ayında bir dinozavr qazıntısı zamanı üzə çıxarılıb. Demək olar ki, tam skelet əldə olunub, yalnız quyruq və bəzi ətraf sümükləri çatışmır. Xüsusi diqqət çəkən məqam isə kəllə sümüyündəki dişlərin hələ də mina qatı ilə qorunub saxlanmasıdır. Bu, bölgədə tapılan ən tam peirosaurid timsah fosili hesab olunur.

Araşdırmalara görə, "Kostensuchus atrox" müasir timsahlara oxşar görkəmə malik olsa da, bəzi mühüm fərqlərlə seçilirdi. Onun burun dəlikləri irəliyə, gözləri isə kəllənin yan tərəfinə yönəlmişdi. Müasir timsahlarda isə həm burun, həm də gözlər başın üst hissəsində yerləşir, bu da onlara suda gizlənərək ovlarını izləməyə imkan verir.

Mütəxəssislər "Kostensuchus atrox" un bəzi xüsusiyyətlərini "konvergent təkamül" nümunəsi kimi dəyərləndirirlər. Yəni, bir-birindən uzaq növlər, oxşar mühit şəraitində yaşayarkən, oxşar bədən quruluşları inkişaf etdirə bilirlər.

Tədqiqatçılar hesab edirlər ki, "Kostensuchus atrox" və ona bənzər iri ətyeyən timsah növləri Kretase dövrünün sonunda baş verən kütləvi nəsli kəsilmə hadisəsi zamanı məhv olublar. Onların ""hipercarnivor", yəni əsasən ətə əsaslanan qidalanma tərzi bu nəsli kəsilmədə mühüm rol oynamış ola bilər. Daha kiçik və müxtəlif qidalarla qidalanmağa uyğunlaşmış növlər isə bu günə qədər yaşamağı bacarıb.

Alimlər bildirirlər ki, "Kostensuchus atrox"un dişlərindən əldə ediləcək izotop məlumatları vasitəsilə onun yaşayış mühiti və qidalanma vərdişləri haqqında daha ətraflı məlumat əldə edilə bilər. Eyni zamanda, sümüklərin quruluşu üzərində aparılacaq analizlər bu qədim canlının böyümə sürəti, yaşı və mümkün xəstəlikləri barədə yeni biliklər ortaya çıxara bilər.

Mütəxəssislərin fikrincə, Pataqoniyada tapılan bu qeyri-adi fosil, qədim timsahabənzərlərin təkamül tarixini və qədim ekosistemlərdəki rolunu daha dərindən anlamağa imkan yaradacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər