- 22:04
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda baş verən və çoxsaylı insanın ölümünə səbəb olan dağıdıcı zəlzələnin fəsadlarını aradan qaldırmaq məqsədilə 4 milyon ABŞ dolları məbləğində təcili yardım çağırışı edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təşkilatın məsələ ilə bağlı yaydığı yazılı açıqlamada bildirilib.
"Həyat qurtarıcı səhiyyə yardımları üçün təcili olaraq 4 milyon dollara ehtiyac var. ÜST zərərçəkmiş bölgələrdə təcili tibbi müdaxilələrin göstərilməsi, səyyar səhiyyə xidmətlərinin genişləndirilməsi, eləcə də su, sanitariya və gigiyena tədbirlərinə dəstək məqsədilə bu vəsaiti tələb edir", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, 31 avqust tarixində Əfqanıstanın şərqində baş verən və 6 bal gücündə zəlzələ nəticəsində 1457-dən çox insan həlak olub, 3394-dən artıq insan isə yaralanıb. Ölü və yaralı sayının artacağı gözlənilir.
ÜST zəlzələdən sonra 6782-dən çox evin dağıldığını, minlərlə insanın evsiz qaldığını və çətin şəraitlə üzləşdiyini açıqlayıb. Xəstəxanaların ağır yaralılar və təcili cərrahi müdaxiləyə ehtiyacı olan xəstələrlə dolduğu, tibbi resursların sürətlə tükəndiyi qeyd olunub.
Şəbnəm Mehdizadə