- 22:04
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O'Flaherti xaricə yönəldilmiş miqrasiya siyasətlərinin insan hüquqlarının pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, üzv dövlətləri bu istiqamətdə daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
E-huquq.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, O'Flaherti bu mövzuya həsr olunmuş “Xarici Sığınacaq və Miqrasiya Siyasətləri və İnsan Hüquqları Qanunu” adlı hesabat dərc edib.
Hesabatda vurğulanır ki, Avropa ölkələrinin qeyri-qanuni miqrantları üçüncü ölkələrə göndərmək üçün hüquqi çərçivə yaratmaq səyləri insan hüquqları pozuntularına yol aça bilər. Bu riskin qarşısını almaq üçün, kənarlaşdırma siyasətləri tətbiq olunmazdan əvvəl insan hüquqları ilə bağlı risklərin hərtərəfli qiymətləndirilməsi tövsiyə olunur.
Komissar O'Flaherti həmçinin qeyd edib ki, beynəlxalq müqavilələr bağlanarkən insan hüquqlarına dair adekvat təminatların ilkin şərt kimi daxil edilməsi vacibdir. Hesabatda şəffaflıq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi və mümkün hüquq pozuntularının effektiv şəkildə araşdırılması da tövsiyə olunur.
Xatırladaq ki, Böyük Britaniya 2022-ci ildə qeyri-qanuni yollarla ölkəyə daxil olan sığınacaq axtaran şəxslərin Ruandaya göndərilməsini nəzərdə tutan plan irəli sürüb. İtaliya isə 2023-cü ildə miqrantların geri qaytarılması ilə bağlı Albaniya ilə razılaşma imzalayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen 11 mart 2024-cü il tarixində Avropa Parlamentinin plenar iclasında miqrantların repatriasiyası üzrə yeni strategiyasını təqdim edib. O, İtaliya və Albaniya arasında imzalanmış repatriasiya müqaviləsinə istinad edərək, üçüncü ölkələrdə yerləşəcək mərkəzlərin yaradılması kimi innovativ yanaşmaların həyata keçiriləcəyini bildirib.
Fon der Leyenin bu təklifi bəzi dairələr tərəfindən insan hüquqlarına zidd addım kimi tənqid olunsa da, Aİ liderlərinin və üzv ölkələrin əksəriyyətindən geniş dəstək alıb. Tənqidlər əsasən sığınacaq hüququnun məhdudlaşdırılması, özbaşına həbslər və şəxsi azadlıqların pozulması riskləri ilə bağlı olub.
Şəbnəm Mehdizadə