- 8 Sentyabr 23:28
Türkiyənin ən yüksək zirvəsi olan Ağrı Dağında davam edən isti hava dalğası təbii hadisəyə yol açıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü istilərin təsirindən qoparaq yamaclardan aşağı yuvarlanan qaya parçaları həm gurultulu səslərə, həm də toz buludlarının yaranmasına səbəb olub.
Hadisə yerində çəkilmiş görüntülərdə günəşin təsiri ilə isinən qayaların gurultu ilə parçalanaraq sürətlə aşağı enməsi açıq şəkildə görünür. Yamaclarda yaranan toz buludları və sürətlə irəliləyən qaya kütlələri hadisənin təhlükəli xarakter aldığını göstərir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür təbii hadisələr bölgəyə gələn dağçılar və turistlər üçün təhlükə yarada bilər. Qaya parçalanmaları müşahidə edilən ərazilərdə ehtiyatlı davranmaq və rəsmi xəbərdarlıqlara əməl etmək tövsiyə olunur.
Şəbnəm Mehdizadə