Məzmuna keç

Rusiyada terror aktı törətməyə hazırlaşan şəxs saxlanılıb

Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları İjevskdə müdafiə-sənayesi müəssisəsinin aparıcı əməkdaşını öldürməyə hazırlaşan Ukrayna hərbi kəşfiyyatının agentini saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Müəyyən edilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs "Telegram" messenceri vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı tərəfindən ələ alınıb və onun göstərişi ilə müdafiə-sənaye kompleksi müəssisəsinin aparıcı əməkdaşlarından birini əl istehsalı partlayıcı qurğu vasitəsilə qətlə yetirməyi planlaşdırıb.

Şəxsə məxsus rabitə vasitələri müsadirə olunub, həmin vasitələrdə onun kuratoru ilə yazışmaları aşkarlanıb. Yazışmalarda terror aktının hazırlanması, partlayıcı qurğuların və zəhərli maddələrin hazırlanması ilə bağlı təlimatlar yer alıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına hazırlıq) üzrə cinayət işi başlanıb.

Humay Eminqızı