İndoneziyada sel və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb


  • 13:19

İndoneziyanın Bali adası və Şərqi Nusa Tənqara əyalətində yağan güclü yağışlar nəticəsində baş verən qəfil sel və torpaq sürüşmələri 20 nəfərin həyatına son qoyub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 8 sentyabr tarixində başlayan güclü yağışlar xüsusilə Bali və Şərqi Nusa Tənqara bölgələrində ciddi fəsadlara yol açıb. Təbii fəlakətlər nəticəsində 20 nəfər həyatını itirib, 6 nəfərin axtarışı isə davam etdirilir.

Rəsmi qurumların verdiyi məlumata görə, sel sularının çəkilməsindən sonra itkin düşən şəxslərin axtarışı üçün çaylar və kəndlərdəki dağıntı ərazilərində axtarış-xilasetmə əməliyyatları başlayıb.

İndoneziya Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin sözçüsü Əbdül Muhari bildirib ki, yağıntılar nəticəsində daşan çaylar yalnız Bali bölgəsində 9 şəhər və rayonu əhatə edib. Daşqınlar nəticəsində ən azı 120 məhəllə su altında qalıb, bir çox ərazilərdə torpaq sürüşmələri qeydə alınıb.

Agentliyin rəhbəri Suharyanto isə keçirdiyi mətbuat konfransında Balidə sel təhlükəsinin artıq aradan qalxdığını bəyan edib.

Onun sözlərinə görə, sel səbəbindən adada yüzlərlə ev və ticarət obyektləri su altında qalıb. Axtarış-xilasetmə işlərinə təxminən 600 nəfərlik xilasedici, polis və hərbi personal cəlb olunub. Onların əsas məqsədi sel sularına qapılan şəxslərin tapılmasıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər