Marsda həyat ehtimalına dair indiyədək ən güclü iz tapılıb


  • 13:29

ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Marsda aşkar edilən qeyri-adi qayaların Qırmızı Planetdə keçmişdə mövcud olmuş ola biləcək həyatın ən güclü sübutlarını təqdim etdiyini açıqlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, NASA-nın "Perseverance" adlı tədqiqat aparatı Marsın Cezero Kraterində qədim bir çay yatağında apardığı araşdırmalar zamanı çöküntü süxurlarının üzərində "leopard ləkələri" və "xaşxaş toxumu"na bənzər izlər müşahidə edib.

Alimlər bu formalaşmaların milyardlarla il əvvəl Marsda mövcud olmuş ola biləcək mikroorqanizmlərlə bağlı kimyəvi reaksiyaların nəticəsi ola biləcəyini düşünür. Araşdırmalara görə, süxurların tərkibindəki bəzi minerallar üzvi maddələrlə reaksiyaya girərək yeni mineral strukturlar formalaşdırıb. Dünyada bu tip reaksiyalar adətən mikrobların iştirakı ilə baş verir.

İngiltərədə yerləşən "Imperial College London" universitetindən geoloq professor Sanjeev Gupta məsələ ilə bağlı bildirib: "Əgər bu izləri Yer kürəsində görsəydik, bunu bioloji, yəni mikrobial proseslərlə izah edərdik. Buna görə "Marsda həyat tapıldı" deyə bilmərik, amma olduqca güclü bir ipucuna sahibik".

NASA-nın Elm Missiyası Direktorluğunun rəhbəri Nikola Foks isə tapıntıları belə şərh edib: "Bu izlər demək olar ki, bir fosil qalıntısına bənzəyir. Bəlkə də qədim bir canlının qidasından və ya hətta nəcisdən qalmış izlərdir".

Tədqiqatçılar qeyd edir ki, bu tip minerallar geoloji proseslərlə də yarana bilər, lakin bunun üçün yüksək temperatur tələb olunur. Halbuki araşdırılan süxurlar belə bir istilik prosesindən keçməyib. Bu səbəbdən alternativ ehtimallar tamamilə istisna edilmir.

NASA bu süxur nümunələrinin Yerə gətirilərək daha detallı analiz olunmasının həlledici nəticələr verə biləcəyini vurğulayır. "Perseverance" hazırda bu nümunələri kapsullar şəklində toplayaraq saxlayır. Lakin ABŞ-ın 2026-cı il büdcəsindəki maliyyə kəsintilərinə görə, planlaşdırılan Mars nümunə dönüşü missiyası ləğv olunma riski ilə üz-üzədir. Çin isə 2028-ci ildə oxşar bir missiyanı həyata keçirməyi planlaşdırır.

Bu gün soyuq və quraq bir planet olan Mars, milyardlarla il əvvəl qalın atmosferə və axar su ehtiyatlarına sahib idi. "Perseverance" 2021-ci ildə Marsa endiyi vaxtdan bəri Cezero Kraterindəki qədim göl yatağında həyat izləri axtarır.

"Stony Brook" Universitetindən Col Hurovitz bu barədə bildirib: "Əldə etdiyimiz məlumatlar, gölün dibində çökmüş palçıqla üzvi maddələr arasında kimyəvi reaksiyaların baş verdiyini göstərir. Bu, indiyədək tapılmış ən güclü potensial bioloji imza ola bilər".

Alimlər bu süxurların Yerə gətirilməsini strateji prioritet hesab edirlər. Professor Gupta bu fikri belə ifadə edib: "Bu qayaları Yer üzündə öz gözlərimizlə görməli və dərindən incələməliyik".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər