Sabiq ədliyyə əməkdaşı sərhədçiyə sendviç atdığına görə məhkəmə qarşısında


  • 13:58

ABŞ-ın paytaxtı Vaşinqtonda keçmiş Ədliyyə Nazirliyi əməkdaşı Sean Dunn Gömrük və Sərhəd Mühafizəsi əməkdaşına sandviç atmaqda təqsirləndirilərək məhkəmə qarşısına çıxarılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "yüngül hücum" maddəsi ilə ittiham olunan Dunn, özünü təqsirli bilməyib və məhkəmə prosesinin münsiflər heyəti qarşısında keçirilməsini tələb edib.

O, ABŞ Federal Hakimi Carl J. Nichols tərəfindən keçirilən təxminən 10 dəqiqəlik ilkin dinləmədə ittihamları rədd edib. Hakim, işin 3 noyabrda münsiflər qarşısında araşdırılmasına qərar verib.

Hadisə, 10 avqustda, prezident Donald Trampın təlimatı ilə federal təhlükəsizlik qüvvələrinin Vaşinqtona göndərilməsindən bir neçə gün sonra baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Sean Dunnın əlindəki sandviçi Gömrük və Sərhəd Mühafizəsi əməkdaşına atdığı əks olunub. Prokurorluğun məlumatına görə, sandviçi atmadan öncə Dunn yüksək səslə bu sözləri deyib: "Rədd olun! Lənətə gəlmiş faşistlər! Niyə burdasınız? Mənim şəhərimdə sizi istəmirəm!"

Sandviç birbaşa həmin şəxsin sinəsinə dəyib. İttihama əsasən, Dunn yeyilə bilən bir maddəni silaha çevirərək ona qarşı hücum edib.

Qeyd edək ki, Donald Trampın göstərişi ilə Vaşinqton başda olmaqla bir sıra şəhərlərə federal təhlükəsizlik qüvvələri göndərilmişdi. Tramp bu addımı cinayətkarlıqla mübarizə məqsədilə atdığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər