- 20:01
ABŞ Miqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən "Hyundai-LG" şirkətinin idarə etdiyi fabrikdə keçirdiyi reyd zamanı saxlanılan 316 Cənubi Koreya vətəndaşı bir həftə sonra Corciyadakı Folkston Təcridxanasından buraxılıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, Cənubi Koreyalı işçilər təxminən 4,5 saatlıq məsafədə yerləşən Atlantadakı Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanına avtobuslarla yola düşdülər.
Xatırladaq ki, ICE sentyabrın 5-də "Hyundai-LG" şirkətinin elektrik avtomobil akkumulyatorları zavodunda reyd keçirib.
Reyd zamanı 300-dən çoxu Cənubi Koreyalı olmaqla təxminən 475 nəfərin saxlanıldığı bildirilib.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Li Ji-vunq, Seul hökumətinin hadisə ilə bağlı narahatlıq və kədərini ifadə edərək, "ABŞ-a sərmayə qoyan şirkətlərimizin iqtisadi fəaliyyətləri və vətəndaşlarımızın hüquq və mənafeləri haqsız olaraq pozulmamalıdır", - deyə bildirib.
Cənubi Koreya Prezident Aparatı saxlanılanların azad edilməsi ilə bağlı danışıqların yekunlaşdığını və inzibati prosedurlar tamamlandıqdan sonra vətəndaşların geri alınması üçün ABŞ-a xüsusi təyyarə göndəriləcəyini açıqlayıb.
ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem də sözügedən şəxslərin qanuna uyğun olaraq deportasiya ediləcəyini bildirib.
Şəbnəm Mehdizadə