Kanadadakı meşə yanğınları 82 mindən çox insanın ölümünə səbəb olub


  • 15:03

2023-cü ildə Kanadada baş verən genişmiqyaslı meşə yanğınlarının yaratdığı tüstü və hava çirkliliyi dünya üzrə 82 min 100 nəfərin vaxtından əvvəl ölümünə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticə ABŞ, Kanada və Çindən olan alimlərin birgə apardığı araşdırmanın nəticəsində məlum olub.

Tədqiqatçılar, 2023-cü ilin may-sentyabr ayları arasında Kanadada baş vermiş meşə yanğınlarının hava keyfiyyətinə və insan sağlamlığına təsirini peyk müşahidələri, kompüter modelləri və müxtəlif məlumat bazaları əsasında qiymətləndiriblər.

Araşdırmanın nəticələrinə görə, Kanadadakı yanğınlardan qalxan tüstü ABŞ-ın şimal-şərq ştatlarına və Avropanın qərb sahillərinə qədər yayılıb. Bu tüstü, qlobal miqyasda on minlərlə insanın həyatına təsir edib. Belə ki, ümumilikdə 82 min 100 erkən ölüm halı qeydə alınıb, onlardan 64 min 300-ü Şimali Amerika və Avropada baş verib.

Tədqiqatçılar bildiriblər ki, xüsusilə tüstünün ən yüksək səviyyədə olduğu 26 iyun-7 iyul 2023 tarixləri arasında ABŞ və Kanadada təxminən 5 min 400 ani ölüm hadisəsi birbaşa bu tüstü ilə əlaqələndirilə bilər.

Bundan əlavə, uzun sürən yanğınlar nəticəsində atmosferdəki zərərli PM2.5 adlı incə hissəciklərin qlobal səviyyədə yayılması artıb. Alimlər bu tüstünün, dünyada meşə yanğınlarından qaynaqlanan ümumi PM2.5 çirkliliyinin təxminən 13 faizini təşkil etdiyini və illik orta göstəriciləri 0,17 faiz artırdığını müəyyən ediblər.

Tədqiqatçılar qeyd ediblər ki, bu nəticələr meşə yanğınlarının yalnız bir il ərzində belə qlobal karbon dövranına, ekosistemlərə, hava keyfiyyətinə və insan sağlamlığına ciddi təsirlər göstərə bildiyini sübut edir. Onlar, xüsusilə tez-tez yanğın tüstüsünə məruz qalmayan bölgələr üçün bu araşdırmanın xəbərdarlıq xarakteri daşıdığını vurğulayıblar.

Alimlər, həmçinin iqlim dəyişikliyinin gələcəkdə yanğınların insan sağlamlığına təsirini daha da gücləndirə biləcəyini bildirib. Onların fikrincə, erkən xəbərdarlıq sistemləri, hava keyfiyyəti proqnozları və beynəlxalq əməkdaşlıq, əhalini bu cür təhlükələrdən qorumaqda həlledici rol oynaya bilər.

Araşdırmanın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub.

Xatırladaq ki, 2023-cü ildə Kanadada baş verən meşə yanğınları ölkə tarixinin ən böyük yanğın hadisəsi kimi qeydə alınıb və son 10 ilin dünyadakı ən genişmiqyaslı yanğınları arasında yer alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər