- 19:09
ABŞ prezidenti Donald Trampın xarici yardımları dayandırmaq qərarı nəticəsində 10 milyondan çox insanın vərəm xəstəliyinə yoluxa biləcəyi proqnozlaşdırılır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və İsveçrədən olan tədqiqatçıların apardığı birgə araşdırmada, Tramp administrasiyasının xarici yardımı kəsməsinin yüksək vərəm yayılma səviyyəsi olan 26 ölkədə səhiyyə xidmətlərinə təsiri qiymətləndirilib.
Araşdırma zamanı üç fərqli ssenari nəzərdən keçirilib və müəyyən olunub ki, yardımların kəsilməsi diaqnostika və müalicədə ciddi gecikmələrə səbəb olub. Bu isə həm vərəm hallarının, həm də ölüm göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına yol açıb.
Ən pis ssenaridə, yəni vərəm xidmətlərinin bir ildən artıq müddətə bərpa olunmaması halında 2025-2030-cu illər ərzində 10,6 milyon vərəmə yoluxma hadisəsi və 2,2 milyon ölüm gözlənilir.
Ən az təsirli ssenaridə belə, yəni xidmətlərin üç aydan az müddətdə bərpa edildiyi halda növbəti beş il ərzində təxminən 100.000 insanın vərəmdən öləcəyi təxmin edilir.
Araşdırmanın nəticələri nüfuzlu “PLOS Global Public Health” elmi jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə