Ukraynanın müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb


  • 14:00

Ukraynanın gələn il üçün müdafiə ehtiyacı ən azı 120 milyard dollardır. Bu il bir günlük müharibə Ukrayna büdcəsinə 172 milyon dollara başa gəlib. Keçən il bu göstərici 140 milyon dollar olub.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Radanın Büdcə Komitəsinin sədri Roksolana Pidlasa məlumat verib.

Sədrin sözlərinə görə, Ukrayna müdafiəyə ÜDM-in 31%-ni xərcləyir ki, bu da dünyada ən yüksək göstəricidir və bu xərcləri öz gəlirləri və daxili borclanma hesabına qarşılayır.

"Ukraynanın ÜDM-i o qədər də yüksək görünməyə bilər, lakin bu, Rusiyanın ölkəmizdən 11 illik inkişafı oğurlaması ilə bağlıdır. Ukrayna 2021-ci ildə müharibədən əvvəlki ÜDM səviyyəsini bərpa etməyə nail olub, daha sonra isə 2024-cü ildə genişmiqyaslı işğalın dağıdıcı nəticələrindən sonra yenidən bu səviyyəyə çatıb", - Pidlasa deyib.

O vurğulayıb ki, Kiyevin beynəlxalq tərəfdaşların yardımına ehtiyacı var, çünki ötən il Rusiya Ukrayna ilə müharibəyə 150 milyard dollar xərcləyib.

Pidlasa, həmçinin bildirib ki, artıq tərəfdaş ölkələrdən birbaşa büdcə dəstəyinin müdafiə xərcləri üçün istifadəsi ilə bağlı hüquqi və praktiki mexanizmlərin öyrənilməsinin vaxtıdır. Onun sözlərinə görə, indiyə qədər yalnız Böyük Britaniya Ukrayna büdcəsinə ayırdığı vəsaitin hərbi satınalmalar üçün istifadəsinə icazə verib və indi Aİ və digər ölkələr də bu yolu izləməlidirlər.

Bundan əlavə, deputat Ukraynanın yaralı əsgərlərə, itkin düşənlərə və ölənlərin ailələrinə maddi dəstək verməyə davam etdiyini də vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər