- 17:38
İsrailin Qətərdə HƏMAS nümayəndələrinə hücumunun məqsədi Fələstində qırğını davam etdirməkdir.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, İsrailə qarşı sərt sanksiyalar tətbiq olunmayınca Fələstinin beynəlxalq səviyyədə tanınması nəticə verməyəcək: "Əlbəttə, bəzi ölkələrin Fələstin dövlətini tanımaq niyyəti ilə bağlı bəyanatları müsbət addımdır. Bu, daha əvvəl edilməli idi. Lakin İsrailə qarşı konkret və sərt sanksiyalarla dəstəklənməyincə, belə addımların nəticə verəcəyi ehtimalı azdır" .
Türkiyə prezidenti qeyd edib ki, İsrail regionda sabitliyi pozan hərəkətlərini davam etdirəcək, ona görə də Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin bacara biləcəyi iş iqtisadi sanksiyalardır.
"Biz İsrailə qarşı sanksiyaları sərtləşdirmək üçün səylərimizi artırmalıyıq. İsrail rəsmilərini məsuliyyətə cəlb etmək üçün beynəlxalq hüquqi mexanizmlərdən istifadə etməliyik. Qətiyyətli cavab və sanksiyalar olmasa, İsrail tezliklə dayanmayacaq, işğal və sabitliyi pozmaq siyasətini sürətləndirəcək. Biz bilirik ki, bunun qarşısını almaq üçün gücümüz və vasitələrimiz var. Qarşıdakı illərdə son dərəcə vacib olan əməkdaşlığımızı gücləndirməliyik. İlk növbədə, müdafiə sənayesi sahəsinə”, - Ərdoğan Dohada İƏT və Ərəb Liqasının fövqəladə sammitində çıxışı zamanı deyib.
"Türkiyə son il yarım ərzində İsraillə bütün ticarət əməliyyatlarını dayandırıb: "Hesab edirəm ki, Beynəlxalq Ədalət Məhkəməsində qaldırılan soyqırımı işinin dəstəklənməsi də çox vacibdir. Biz birlikdə çalışaraq, regionun təhlükəsizliyini təmin edəcək konkret addımları və mexanizmləri həyata keçirməliyik. İnanıram ki, bu, təşkilatımız çərçivəsində həyata keçirilə bilər", - Ərdoğan bildirib.