- 15:04
"OpenAI" şirkətinin icraçı direktoru Sam Altman platformanın təhlükəsizliyini artırmaq məqsədilə böyüklərdən də şəxsiyyət və yaş təsdiqinin tələb oluna biləcəyini açıqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Altman şirkət təhlükəsizliyinin gücləndirilməsi üçün yeni addımlar atıldığını və bəzi ölkələrdə böyüklərdən də şəxsiyyət sənədi tələb edilə biləcəyini deyib.
Bu qərar yeniyetmənin intiharı ilə bağlı "OpenAI"ə qarşı qaldırılan məhkəmə iddiası fonunda gündəmə gəlib. Şirkət, 18 yaşdan kiçik istifadəçilər üçün avtomatik yaş təsdiqi texnologiyası və valideyn nəzarəti sistemləri üzərində işləyir.
Altman bildirib ki, 13-18 yaş aralığındakı istifadəçilər yalnız məhdudlaşdırılmış "ChatGPT" versiyasından istifadə edə biləcəklər. Bu versiya süni intellektin intihar və ya öz-özünə zərər vermə kimi mövzularda dialoq qurmasını əngəlləyəcək.
Belə halların aşkarlanması halında sistem öncə valideynlərə, onların olmadığı təqdirdə isə aidiyyəti orqanlara xəbər verəcək.
"OpenAI" daha əvvəl valideyn nəzarəti sisteminin gələn ay istifadəyə veriləcəyini elan etmişdi. Bu yeniliklər uşaqların təhlükəsizliyini artırmaq və valideynlərin nəzarətini asanlaşdırmaq məqsədi daşıyır.
Altman vurğulayıb ki, bu addımlar "ChatGPT" istifadəçiləri üçün daha təhlükəsiz mühit yaradacaq.
Şəbnəm Mehdizadə