- 15:33
Alimlər yeni inkişaf etdirdikləri süni intellekt modeli vasitəsilə insanların növbəti 10 il ərzində yoluxa biləcəyi xəstəlikləri hava proqnozu kimi qabaqcadan təxmin edə bildiklərini açıqlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Molekulyar Biologiya Laboratoriyası, Almaniya Xərçəng Tədqiqat Mərkəzi (DKFZ) və Kopenhagen Universitetindən tədqiqatçıların hazırladığı “Delphi-2M” adlı süni intellekt modeli şəxslərin tibbi qeydlərindəki məlumatları istifadə edərək gələcəkdə qarşılaşa biləcəkləri xəstəlikləri öncədən müəyyən edir.
Model, dil nümunələrini anlamaq üçün öyrədilən "ChatGPT" texnologiyasına bənzər bir yanaşmadan istifadə edir və anonim tibbi qeydləri aşkar edərək insanların 10 il içində hansı xəstəliklərə tutulacağını təxmin edir.
İngiltərədə 400 mindən çox şəxsin anonim tibbi məlumatları əsasında inkişaf etdirilən proqram daha sonra Danimarkada 1,9 milyon şəxsin məlumatları ilə test olunub.
Tədqiqatçılar bildirir ki, süni intellekt xüsusilə diabet, infarkt və sepsis kimi irəliləyən xəstəliklərin qabaqcadan proqnozlaşdırılmasında yüksək dəqiqlik göstərir.
Tədqiqatın rəhbərlərindən olan professor Evan Birney “Hava proqnozunda 70 faiz yağış ehtimalı kimi, sağlamlıq xidmətlərində də bu cür proqnozlar verə bilərik” deyə bildirib.
Araşdırmaçılar qeyd edirlər ki, model hələ klinik istifadəyə hazır deyil, lakin erkən diaqnoz və profilaktik müalicə üçün yüksək riskli xəstələrin müəyyənləşdirilməsində faydalı ola bilər.
Bundan əlavə, modelin gələcəkdə sağlamlıq müəssisələrinin xəstə axını planlamasında da kömək edəcəyi gözlənilir.
Tədqiqatda istifadə olunan məlumatların əksəriyyətinin 40-70 yaş aralığından olduğu qeyd olunur və modelin klinik istifadəyə girmədən əvvəl təkmilləşdirilməsi və əlavə testlərdən keçirilməsi lazım olduğu vurğulanır.
Modelin yaxın gələcəkdə görüntüləmə, genetik və qan analizi kimi daha geniş tibbi məlumatları da əhatə edəcək şəkildə yenilənəcəyi bildirilir.
Tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə