- 15:33
Misirdə rəsmilər Qahirədə yerləşən Misir Muzeyindən itkin düşən antik bilərziyi tapmaq üçün ölkə üzrə ümumi həyəcan elan ediblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Misir Turizm və Əsərlər Nazirliyi firon Amenemope dövrünə aid 3 min illik nadir qızıl bilərziyin muzeyin restavrasiyası laboratoriyasından itdiyini açıqlayıb.
Nazirlik məsələ ilə bağlı polisə məlumat verildiyini və ölkənin bütün quru, dəniz və hava sərhəd keçidlərinə bilərziyin fotosunu göndərdiyini bildirib. Məqsəd mümkün qaçaqmalçılıq cəhdlərinin qarşısını almaqdır.
Restavrasiyası laboratoriyasında saxlanılan bütün eksponatlar mütəxəssislərdən ibarət komitə tərəfindən tək-tək yoxlanılır. Nazirlik bilərziyin itməsi barədə ictimaiyyəti məlumatlandırmaqda gecikdiyini, bunun isə sorğunun düzgün aparılması üçün atılmış addım olduğunu bildirib. Lakin bilərziyin ən son nə zaman görüldüyü açıqlanmayıb.
Misir mediasının yaydığı xəbərə görə, itkin düşmə faktı gələn ay Romada açılacaq sərgi üçün eksponatların paketləndiyi vaxt aşkarlanıb.
Bilərzik miladdan əvvəl 993-984-cü illərdə hökm sürmüş 21-ci sülalə fironu Amenemopəyə məxsusdur. Qahirədəki Misir Muzeyində Amenemopeyə aid qızıl örtüklü taxta dəfn maskası da sərgilənir.
Misir Muzeyi Orta Şərqin ən qədim arxeologiya muzeyi olub, 170 mindən çox eksponata ev sahibliyi edir. İtkin xəbərinin Gizada açılışı yaxınlaşan Böyük Misir Muzeyindən altı həftə əvvəl verilməsi diqqət çəkir. Orada Tutankhamunun məzarı və xəzinələri dünyaya təqdim olunacaq.
Şəbnəm Mehdizadə