- 14:20
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Ordu Baş Qərargah rəisi general Rendi Corcun "dərhal təqaüdə çıxacağı" barədə açıqlamasından sonra daha iki ABŞ ordusu generalının vəzifələrindən kənarlaşdırıldığı bildirilir.
E-huquq.az xəbər verir ki, "The Washington Post" qəzetinin məlumatına görə, adı açıqlanmayan Pentaqon rəsmiləri, general Corcdan əlavə olaraq iki yüksək rütbəli hərbi şəxsinin də vəzifələrindən azad edildiyini açıqlayıb. Rəsmilərin verdiyi məlumata əsasən, bu şəxslər 2025-ci ilin oktyabr ayında Ordu Təlim və Transformasiya Komandanlığına rəhbərlik etməli olan general Devid Hodne və Ordunun Mənəvi Dəstək Komandanlığının rəhbəri general-mayor Uilyam Qrin olub.
Bundan əlavə, Ağ Ev rəsmiləri, "The Atlantic" jurnalına verdikləri müsahibədə ABŞ Ordu Katibi Den Driskolun gələcəyi ilə bağlı qiymətləndirmələrin davam etdiyini bildiriblər. Pentaqon rəsmiləri isə, Driskolun tezliklə vəzifəsindən ayrılmasının gözləndiyini vurğulayıblar.
ABŞ mətbuatında yayılan xəbərlərə görə, Müdafiə naziri Pit Heqsetin general Corc və Den Driskol ilə bir neçə məsələdə, xüsusən də dörd zabitin briqada generalı rütbəsinə yüksəldilməsi məsələsində fikir ayrılıqları yaranıb.
Pentaqon sözçüsü Şon Parnell, daha əvvəl ABŞ-da yerləşən bir şirkətin sosial media platformasında general Rendi Corcun istefa verəcəyini açıqlamışdı. Şon Parnellin sözlərinə görə, "General Rendi Corc Ordunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən dərhal təqaüdə çıxacaq".
Pentaqondan gələn rəsmi açıqlamadan əvvəl ABŞ mətbuatı Müdafiə naziri Pit Heqsetin general Corcdan istefa verməsini və təqaüdə çıxmasını istədiyini bildirmişdi.
Şəbnəm Mehdizadə