- 15:17
Banqladeş hökuməti qlobal yanacaq böhranının təsirlərini azaltmaq məqsədilə dövlət və özəl sektorda iş rejiminə məhdudiyyətlər tətbiq edib.
E-huquq.az xəbər verir ki, "Dhaka Tribune" nəşrinin məlumatına görə, qərar Baş nazir Tariq Rəhmanın sədrliyi ilə keçirilən kabinet iclasında qəbul olunub. İclasda enerji istehlakının azaldılması üçün bir sıra tədbirlər paketi təsdiqlənib.
Qərara əsasən, ofislərdə iş saatları, eləcə də bazarlar və banklarda müştəri xidmətlərinin müddəti qısaldılıb.
Yeni qaydalara əsasən, dövlət və özəl müəssisələrdə iş günü bir saat azaldılıb. Banklar müştərilərə xidmətini saat 15:00-da dayandıracaq. Təcili xidmətlər istisna olmaqla, bazar və ticarət obyektləri saat 18:00-da bağlanacaq.
Bundan əlavə, enerji çatışmazlığı davam etdiyi müddətdə toy və digər sosial tədbirlərdə dekorativ işıqların istifadəsinə qadağa qoyulub.
Hökumət eyni zamanda enerji təchizatında asılılığı azaltmaq üçün alternativ mənbələr üzərində işləyir. Bu çərçivədə Malayziya, İndoneziya və Qazaxıstan kimi ölkələrdən neft idxalının artırılması nəzərdən keçirilir.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumlarından və İranın qisas tədbirlərindən sonra Fars körfəzində gərginliyin artması səbəbindən qlobal mallar və enerji ticarəti üçün vacib tranzit marşrutu olan Hörmüz boğazında gəmilərin hərəkəti böyük ölçüdə pozulub. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər, İraq və İranı dünya bazarlarına birləşdirən Hörmüz boğazı qlobal neft ticarətinin təxminən 25 faizinin, mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizinin və gübrə ticarətinin təxminən 30 faizinin əsas marşrutudur. Çinin idxal etdiyi neftin təxminən 45 faizi və mayeləşdirilmiş təbii qazının 30 faizi ölkəyə Fars körfəzi və Hörmüz boğazı vasitəsilə çatır. Boğazda tankerlərin hərəkətindəki fasilələr artıq qlobal neft tədarükündə fasilələrə və neft qiymətlərinin artmasına səbəb olub.
Şəbnəm Mehdizadə