- 13:47
ABŞ-nin İkinci Dairə Apellyasiya Məhkəməsi 10 ildən sonra Fələstin Milli Administrasiyası (FMA) və Fələstin Azadlıq Təşkilatına (FAT) İkinci İntifada zamanı hücumlar nəticəsində zərər çəkmiş amerikalılara təqribən 656 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Associated Press”agentliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, ABŞ vətəndaşlarının Fələstin hakimiyyətinə qarşı kollektiv iddiası ilk dəfə 2010-cu illərin əvvəlində qaldırılıb. İddiaçılar fələstin rəhbərliyinin təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıdığını və onun bəzi nümayəndələrinin İsrail ərazisində baş vermiş hücumlarda iştirak etdiyini bildirirdilər. Bu hücumlar nəticəsində amerikalılar da zərər çəkmişdi.
2015-ci ildə Nyu-York şəhərində andlılar məhkəməsi Fələstin hakimiyyətindən zərərçəkənlərin xeyrinə 656 milyon dollar tutulması barədə qərar çıxarmışdı. Lakin 2016-cı ildə İkinci Dairə Apellyasiya Məhkəməsi Amerika məhkəmələrinin belə qərarlar qəbul etmək səlahiyyətinin olmadığını müəyyən edərək, bu qərarı ləğv etdi. 2019-cu ildə ABŞ Konqresi qanuna düzəlişlər etdi və Amerika məhkəmələrinin FMA və FAT-a qarşı iddialara baxmaq üçün yurisdiksiyasını genişləndirdi.
2025-ci ildə ABŞ Ali Məhkəməsi bu dəyişikliklərin qanuniliyini təsdiqləyib. Yeni hüquqi müddəalara əsaslanaraq və Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, apellyasiya məhkəməsi 656 milyon dollar məbləğində təzminatı bərpa edib.
Qeyd edək ki, İkinci İntifada və ya Əl-Əqsa İntifadası 2000-2005-ci illərdə Fələstin ərəblərinin İordan çayının qərb sahilində və Qəzza zolağında İsrail hökumətinə qarşı silahlı üsyanı olub.
Humay Eminqızı