- 14:11
İtaliyanın Sardiniya adasında qadınların qeyri-adi uzunömürlülüyü ilə seçilən yeni ərazi müəyyən edilib.
E-huquq.az xəbər verir ki, "Frontiers in Aging" jurnalında yayımlanan araşdırmaya əsasən, adanın dağlıq Bolotana kəndində 70 yaşlı qadınların qarşıdakı ömür müddəti orta hesabla 20,85 il təşkil edir. Bu göstərici Nuoro əyalətində 18,61, Sardiniyada 18,4, İtaliyada isə 18,06 ildir.
Araşdırmaya görə, Bolotanada 70 yaşlı qadının 100 yaşına çatmaq ehtimalı 13,83 faizdir. Müqayisə üçün bu göstərici Nuoro əyalətində 4,33, Sardiniyada 4,43, İtaliyada isə 3,54 faiz təşkil edir. Bu göstəricilər Bolotana qadınlarını 70 yaşdan sonrakı gözlənilən ömür və 100 yaşa çatmaq ehtimalına görə dünyada yalnız Honq Konqdan geri qoyur.
Tədqiqatçılar uzunömürlülüyün dəqiq səbəblərinin hələ müəyyən edilmədiyini bildirirlər. Genetik xüsusiyyətlər, qidalanma, fiziki aktivlik, ailə və sosial dəstək, tibbi xidmətə çıxışın mümkün amillər arasında olduğu qeyd edilir.
Alimlərin fikrincə, Bolotananın dağlıq ərazidə yerləşməsi, sakinlərin daha çox piyada hərəkət etməsi, yerli məhsullardan istifadə etməsi və güclü sosial əlaqələr də uzunömürlülüyə təsir göstərə bilər.
Qeyd edək ki, Bolotana daha əvvəl Sardiniyada müəyyən edilmiş dünyanın ilk "Mavi Zona"sından təxminən 110 kilometr qərbdə yerləşir. Tədqiqatçılar indi bu ərazidə uzunömürlülüyün səbəblərini daha ətraflı araşdırmağı planlaşdırırlar.
Şəbnəm Mehdizadə