ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi yaşayan 18 aylıq Vinsent həkimin səhlənkarlığı nəticəsində ürəyi döyündüyü halda ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən 4 saat sonra sağ olduğu məlum olsa da, gecikmiş tibbi müdaxilə onun sağlamlığına ciddi və qalıcı zərər vurub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə fevralın 8-də ba. verib. Hovuzda huşunu itirən uşaq xəstəxanaya çatdırılıb.
“Mercy Gilbert Medical Center”də çalışan həkim Arian Tusi tibb bacısının körpədə nəbz olduğunu bildirməsinə baxmayaraq, vəziyyəti yoxlamaqdan imtina edib. Həkim qan qazı analizinin nəticələrini əsas gətirərək uşağın həyat əlamətlərini nəzərə almayıb və onun ölümünü rəsmən qeydə alıb.
Polis əməkdaşı da körpənin nəfəs aldığını eşitdiyini bildirərək həkimə xəbərdarlıq edib. Buna baxmayaraq, uşaq axşam saatlarında xəstəxananın morquna aparılıb.
Təxminən 4 saat sonra morqda yoxlama aparan tibbi ekspertiza əməkdaşı körpənin nəfəs aldığını və sağ olduğunu aşkar edib. Bundan sonra uşaq Feniks şəhərindəki xəstəxanalardan birinə köçürülərək müalicəyə alınıb.
Lakin morqda tibbi müdaxilədən kənarda və oksigensiz keçirdiyi 4 saat Vinsentin sağlamlığına ağır zərbə vurub.
Hadisədən 8 ay sonra 2 yaşı tamam olan Vinsent yeriyə, danışa və müstəqil şəkildə otura bilmir. O, qidalanmasını da yalnız xüsusi boru vasitəsilə həyata keçirə bilir.
Ailə baş verən ciddi səhlənkarlıqla əlaqədar xəstəxanaya və məsul şəxslərə qarşı hüquqi proses başladıb.
Şəbnəm Mehdizadə
