Məzmuna keç

Dünya səyahətinə çıxan gəmi yarı yolda qaldı

Dünya səyahətinə çıxan lüks sərnişin gəmisi yanacaq xərclərinin kəskin artması səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Nəticədə gəmidəki sərnişinlər Kambocada düşürülərək ölkədə qalmalı olublar.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin “Villa Vie Odyssey” şirkəti sərnişinlərin gəmidən düşürülməsi və onlar üçün müvəqqəti yaşayış şəraitinin təşkili istiqamətində iş apardığını açıqlayıb.

Şirkət yanacaq sərfiyyatını azaltmaq məqsədilə gəminin hərəkət sürətinin aşağı salınması və limanlarda daha çox vaxt keçirilməsi də daxil olmaqla bir sıra tədbirlər görüb. Lakin bu addımlar yanacaq xərclərindəki kəskin artımın qarşısını almaq üçün kifayət etməyib. Şirkət açıqlamasında artan xərclərin hamısını sərnişinlərin üzərinə qoymağın real həll yolu olmadığını vurğulayıb.

Şirkət qarşıdakı 60 günü yenidənqurma işlərinə və əlavə kapital cəlb edilməsinə ayırmağı planlaşdırır. Bununla belə, prosesin uğurla nəticələnəcəyinə zəmanət verilmədiyi bildirilir.

Təxminən 200 metr uzunluğunda olan gəmi 650 sərnişin tutumuna malikdir. Hazırda göyərtədə neçə nəfərin olduğu dəqiq bilinmir. Gəmi 2024-cü ilin oktyabrında Belfastdan yola düşərək fasiləsiz dünya səyahətinə başlamışdı.

Şirkətin internet saytında yer alan məlumata görə, “Villa Vie Odyssey” gəmisinin səyahəti 3,5 il davam etməli və təxminən 150 ölkəni əhatə etməli idi.

Gəminin ilk səfəri də təmir işləri səbəbindən gecikmələrlə müşayiət olunub. Bu gecikmələr sərnişinlərin aylarla Belfastda qalmasına, şirkətin isə milyonlarla funt sterlinq xərc çəkməsinə səbəb olub.

Gəmi çərşənbə axşamı səyahətini dayandırdığını elan edənədək dünya turunun 750 gündən çoxunu başa vurmuşdu.

“Bloomberg”in gəmi operatorunun təsisçisinə istinadən yaydığı məlumata görə, Kambocada sərnişinlərə gəmini tərk etmək göstərişi verilən zaman göyərtədə təxminən 200 nəfər olub.

Şirkətin saytında qeyd olunur ki, “Villa Vie Odyssey” sərnişinlərin rahatlığı üçün çoxsaylı bar və restoranlar, hovuz göyərtəsi, eləcə də piklbol meydançası ilə təchiz edilib.

Gəmidə daimi yaşayış üçün nəzərdə tutulan kabinlərin qiyməti 120 min dollardan 440 min dollaradək dəyişir. Kabinləri aylıq 3 500 dollardan başlayan qiymətlərlə kirayələmək də mümkündür.

Şəbnəm Mehdizadə