Türkiyənin 21 vilayətində yağışlı hava ilə bağlı sarı xəbərdarlıq verilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi (MGM) məlumat yyaıb.
Məlumata görə, bu gündən etibarən bütün ölkə ərazisində sərin və yağışlı hava müşahidə ediləcək. Əlverişsiz hava şəraiti ilə əlaqədar 21 vilayət üçün sarı, 2 vilayət üçün isə narıncı kodlu xəbərdarlıq elan edilib.
Meteoroloqların proqnozuna görə, havanın temperaturu qərb bölgələrindən başlayaraq əhəmiyyətli dərəcədə aşağı düşəcək. Temperaturun gələn həftənin ortalarınadək mövsümi göstəricilərdən aşağı olacağı gözlənilir. Ölkə ərazisinə daxil olan soyuq hava kütləsi daxili bölgələrin yüksək ərazilərində buzlanma və şaxta riski yaradacaq. Şimal və şərq bölgələrinin yüksək dağlıq ərazilərində isə yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır. Temperaturun kəskin enməsi ilə əlaqədar kənd təsərrüfatı fəaliyyətlərinin davam etdiyi daxili bölgələrdə şaxta təhlükəsi barədə də xəbərdarlıq edilib.
Aidiyyəti qurumlar əhalini ehtiyatlı olmağa, xüsusilə qəfil sel və daşqınlar, su basmaları, torpaq sürüşmələri, ildırım vurması, dam örtüklərinin uçması və ağacların aşması kimi təhlükələrə qarşı diqqətli davranmağa çağırıb.
Həmçinin əlverişsiz hava şəraiti səbəbindən nəqliyyatın hərəkətində yarana biləcək çətinliklərə qarşı zəruri tədbirlərin görülməsi tövsiyə olunub.
Şəbnəm Mehdizadə
