Məzmuna keç

Avstraliyada köhnə uçuş-enmə zolağına 24 mindən çox ağac əkilib

Avstraliyanın şimalındakı Daintree meşələrində illərdir istifadəsiz qalan köhnə uçuş-enmə zolağı genişmiqyaslı meşəbərpa layihəsi nəticəsində yenidən təbiətə qaytarılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə tingin əkilməsi ilə iki hissəyə bölünmüş meşə artıq birləşdirilib.

Cow Bay bölgəsində təxminən 7 hektarlıq ərazini əhatə edən zolaq uzun illər heyvanların yaşayış mühitini parçalayan maneə rolunu oynayırdı. Bu təbii əlaqəni bərpa etmək üçün “Rainforest Rescue” təşkilatı əraziyə təxminən 24 500 yerli ağac tingi əkib. Layihəyə dəstək verən “Avstraliyanın Ən Çox Təhlükə Altında Olan Növləri Fondu” (FAME) planlaşdırılan bütün əkin işlərinin artıq başa çatdırıldığını açıqlayıb.

İlkin nəticələr gözləniləndən daha tez özünü göstərib. Belə ki, əkilən tinglərin 90 faizi kök salıb və bəzi ağacların hündürlüyü 4 metri ötüb. Nəticədə meşənin iki hissəsi arasında təbii keçid zonası bərpa olunub.

Layihənin əsas hədəflərindən biri nəsli kəsilmə təhlükəsi altında olan cənub kazuarlarını qorumaqdır. Toxum yaymaqla meşə ekosisteminə böyük töhfə verən bu nadir quşların bərpa olunmuş əraziyə qayıtdığı təsdiqlənib.

Yeni meşə örtüyünün nadir qurbağa növləri, ağac kenquruları, meyvə yarasaları və digər quşlar üçün də yeni yaşayış mühiti yaradacağı gözlənilir. Bundan başqa, ağaclar torpağı bərkidərək yağış suları ilə çaylara axan çöküntüləri azaldacaq ki, bu da Böyük Sədd Rifində suyun keyfiyyətini qorumağa və karbon udulması hesabına iqlim dəyişikliyinin təsirlərini yumşaltmağa kömək edəcək.

Şəbnəm Mehdizadə