"Seçkilərin daha ədalətli və şəffaf keçirilməsi üçün hər bir Azərbaycan vətəndaşı səy göstərməlidir".
E-huquq.az xəbər verir ki, bu sözləri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirədə Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
O qeyd edib ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətini təmin etmək üçün əməli addımlar atılır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir çox Dövlət Proqramlarında bələdiyyələrin potensialının gücləndirilməsi ilə bağlı mühüm tədbirlər müəyyənləşdirilib. Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətində qanunçuluğa əməl olunması üçün mütəmadi iş aparır. 156 bələdiyyə üzvü ilə bağlı iş baxılması üçün prokurorluq orqanlarına göndərilib".
Onun sözlərinə görə, seçkilər zamanı ədliyyə orqanlarının üzərinə düşən ən mühüm vəzifələrdən biri penitensiar müəssisələrdəki vətəndaşların seçki hüququndan istifadəsinin təmin edilməsi ilə bağlıdır: "Bir çox ölkələrdə məhkum olunan şəxslərin seçki hüququ yoxdur. Bəzi ölkələrdə bu hüquq müəyyən şərtlərlə verilir. Azərbaycanda isə seçki hüququna malik bütün məhkum olunmuş vətəndaşlar sərbəst şəkildə öz namizədlərinə səs verirlər".
