“WhatsApp”ın yeni qərarı istifadəçilərin hüquqlarını pozurmu? – ŞƏRH


  • 11 Yanvar 2021 14:37

Xəbər verdiyimiz kimi, “WhatsApp”ın qəbul etdiyi yeni qərara əsasən, istifadəçilərin məlumatları artıq “Facebook”la paylaşılacaq. Yenilənmiş “Məxfilik Siyasəti” ilə əlaqəli çoxsaylı tənqidlərə tuş gələn “Whatsapp”ın bu qərarı istifadəçi hüquqlarını pozurmu?

Məsələni e-huquq.az-a vəkil Roman Qaraşov şərh edib.

Onun sözlərinə görə, “WhatsApp” tətbiq proqramı yüklənərkən hər iki tərəf üzərinə müəyyən şərtlər və öhdəliklər götürür: "Bir növ müqavilə bağlanılır və qarşı tərəf göstərir ki, proqram tətbiqində bu şərtlərə əməl etməyə razısınızmı? Nəticədə şəxs razılığını verir və proqramı yükləyib istifadə edir. Amma şəxsi məlumatların yayılması, şəxsi məsələlərlə bağlı məlumatlar başqa qurumlara, başqa şirkətlərə də ötürülə, yaxud başqa məqsədlər üçün də istifadə oluna bilər. Belə olan təqdirdə bunun müdafiə mexanizmi mövcud deyil. Vətəndaşlar bu tətbiqdən kütləvi şəkildə imtina edə və ya digər alternativ proqramlardan istifadə edə bilərlər. Məlumdur ki, “Facebook”, “Instagram” fərqli adlarda fəaliyyət göstərsələr də, bir mərkəzdən idarə olunur. O mərkəzlər daxilində, yəni, məlumatın birindən digərinə ötürülməsi ilə bağlı əvvəlcədən vətəndaşlara xəbərdarlıq edilirsə, burada hər hansı bir hüquq pozuntusu yoxdur. Vətəndaş buna razı olsa, istifadə edə bilər. Lakin belə bir öhdəlik götürdüyü halda belə məxfilik və şəxsiliyin qorunacağına zəmanət verən bir şirkətin daha sonra ancaq şəxsi yazışmanı başqa şirkətə ötürməsi təbii ki, qanunsuzdur. Lakin bununla bağlı konkret sanksiya da nəzərdə tutulmayıb”.

R.Qaraşov bildirib ki, şəxsi məlumatların şəxsi danışıqların istifadə olunması məsələsi isə mübahisələndirilə bilər: "Amma tətbiqə daxil olan zaman sizin məlumatlarınız istifadə olunması təklif olunursa, yəni şirkət tərəfindən belə bir bənd qeyd olunubsa və vətəndaş bunu qəbul edib proqramı istifadə edirsə, orada hər hansı bir hüquq pozuntusu yoxdur”.

Oxşar xəbərlər