Turizm şirkətlərinə aldanmamaq üçün hansı hüquqi addımlar atılmalıdır?


  • 2 Avqust 2022 14:16

Turizm mövsümünün başlaması ilə aktuallaşan məsələlərdən biri də vətəndaşların müxtəlif turizm şirkətləri tərəfindən aldadılması ilə bağlıdır. Belə ki, bəzi hallarda vətəndaşlar tur paketlər satan şirkətlərin onları əvvəlcədən vəd olunan xidmətlərlə təmin etməməsi kimi hallarla rastlaşırlar. Paketə daxil olan aviabilet alınmır, otel bron olunmur və ya onlara vəd edilən səviyyədə olmur, qarşılanma ilə təmin olunmurlar və s.

Bəs, belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar əvvəlcədən hansı hüquqi addımı ata bilərlər? Həmçinin hüquqları pozulduğu halda onları aldadan turizm şirkətinə qarşı hansı tədbirlər görülə bilər?

Vəkil Vamiq Şükürov mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında vətəndaşlara tövsiyə edib ki, turizm şirkəti tərəfindən göstəriləcək xidmətlərin konkretləşdirilməsinə dair müqavilə bağlasınlar.

"Turizm obyektinin yerləşdiyi məkan, qonağın qalacağı otağın şəraiti, qidalanma, ekskursiyalar və digər bütün xidmətlər bu müqavilədə qeyd olunmalıdır. Hər biri ərtaflı şəkildə müqavilədə öz əksini tapmalıdır. Müqavilənin bir nüsxəsi həmin sifarişçiyə, yəni vətəndaşa təqdim olunmalıdır", - deyə o qeyd edib.

Vəkil bildirib ki, göstərilən xidmətin keyfiyyəti müqavilədə əks olunan şərtlərə uyğun olmadıqda vətəndaş turizm şirkəti ilə bağlı müvafiq addımlar ata bilər: "İcraçı öz xidmətlərini müqavilədə göstərilən şərtlərə uyğun keyfiyyətdə yerinə yetirmədiyi halda vətəndaş bununla bağlı məhkəməyə müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına da həmin şirkət barədə şikayətini bildirə bilər. Ümumiyyətlə, mən məsləhət görərdim ki, turizm şirkəti ilə müqavilə bağlamazdan öncə həmin müqavilədə göstərilən turizm obyekti və digər xidmətlər barədə araşdıraraq məlumat əldə etsinlər. Yəni, turizm şirkətinin onlara təklif etdiyi xidmətlərin real olub-olmamasını dəqiqləşdirsinlər".

Rəşid Qarayev

Oxşar xəbərlər