Tanışının avtomobilini qaçırdı: "Hava qarlı idi, taksilər saxlamırdı"


  • 28 Aprel 14:27

Bakıda avtomobil oğurluq etməkdə təqsirləndirilən Yaqub Babayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y.Babayev Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

İttihama görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 78 ünvanda fəaliyyət göstərən “Park Plus” ticarət mərkəzinin qarşısında işlək vəziyyətdə saxlanılmış tanışı Kamran Hacıyevə (ad-soyad şərtidir) məxsus “Mitsubishi Mirage” markalı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırıb.

Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Y.Babayev ona CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərib ki, Kamran Hacıyev ilə bir birlərini 3-4 ay olar tanıyır. O, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 78 ünvanda fəaliyyət göstərən “Park Plus” ticarət mərkəzinin yanındakı ət mağazasında qəssab işləyir, Kamram da həmin yerdə nəzarətçi işləyir. Aralarında normal münasibət vardır. Belə ki, onlar bəzən bir yerdə görüşüb yemək yeyib söhbət ediblər. Hadisə baş verən güm havanın qarlı olması ilə əlaqədar axşam təxminən saat 22-23 radələrində “Park Plus” ticarət mərkəzindəki restoranda əyləşib yemək yeyiblər. Gecə saat 01 radələrində Kamran restorandan çıxıb gedib, o da qalxıb getmək üçün həyətə çıxıb. Yoldan keçən bir neçə yol taksi avtomobillərinə əl edib, lakin hava qarlı olduğu üçün taksi maşınlarından heç biri saxlamayıb. O, Kamrana məxsus “Mitsubishi Mirage” markalı avtomobilin “Park Plus” ticarət mərkəzinin qarşısında işlək vəziyyətdə olmasını, lakin maşında heç kəsin olmadığını görüb. O, Bakıxanov qəsəbəsindəki “Bakıxanov Mail” ticarət mərkəzinə gedib bir nəfəri götürüb gəlməli olub və ona görə də Kamrana demədən avtomobilinə əyləşib. Maşını sürüb gedən zaman Bakıxanov qəsəbəsindəki gedəcəyi yerə çatmağına az qalmış avtomobili yol kənarındakı səkiyə vurmaqla qəza törədib. Qəza törədən kimi Kamrana zəng vurub məlumat verib və Kamran qəzanın baş verdiyi yerə gəlib. O, bütün xərci özü çəkəcəyini deyib. Sonra maşını Bakıxanov qəsəbəsindəki tanış ustaya aparıb, usta maşına baxıb 735 manat xərci olacağını deyib. Orada usta ilə razılaşı ki, pulu kartına atacaq. Lakin maddi sıxıntıları olduğundan ustanın pulunu verə bilməyib və Kamran da ondan şikayət edib.

Y.Babayev törətdiyi əməldən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Zərərçəkmiş K.Babayev də ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, Yaqubla barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər