Məhkəmə sənədlərin yalnız poçtla qəbuluna dair tələbə aydınlıq gətirdi


  • 21 İyun 2021 12:58

Bir sıra vəkillər Nəsimi Rayon Məhkəməsində sənədlərin yalnız poçt vasitəsilə qəbuluna dair tələb qoyulmasından şikayət edirlər.

E-huquq.az-ın məlumatına görə, vəkillər bildirir ki, digər məhkəmələrdə belə bir tələb olmadığı halda, sözügedən məhkəmənin dəftərxanası sənədləri tərəflərdən əlbəəl qəbul etmir və yalnız poçtla göndərilməli olduğu qeyd edilir.

E-huquq.az məsələyə aydınlıq gətimək üçün Nəsimi Rayon Məhkəməsi ilə əlaqə saxlayıb. Məhkəmənin KİV-lə əlaqə üzrə məsul şəxsi, hakim Səməd Cəfərov bildirib ki, sözügedən tələb pandemiya şəraiti ilə əlaqədar olub və artıq aradan qalıdırılıb.

"Ali Məhkəmənin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər siyahısında bu məsələ də yer almışdı. Burada qeyd olunmuşdu ki, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilsin. Nəsimi Rayon Məhkəməsi də həmin tövsiyəyə uyğun olaraq belə bir addım atmışdı. Lakin bir aydan artıqdır ki, həmin tələb aradan qaldırılıb. Hazırda sənədlərin əlbəəl qəbulu mümkündür", - deyə S.Cəfərov qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər