İnzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunan ilk onlayn müzakirə keçirilib


  • 21 İyun 2021 15:00

İyunun 18-də Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair videokonfrans formatında ilk müzakirə keçirilib.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaq, hüquq sisteminin inkişafına nail olmaqdır.

E-huquq.az xəbər verir ki, müzakirələr zamanı açılış nitqi ilə çıxış edən Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov inzibati məhkəmə icraatının yaradılmasını məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli yeni mərhələ kimi qiymətləndiriblər və sözügedən Fərmanla müəyyənləşdirilmiş məqsədlərə nail ola bilmək üçün yeni çağırışlara uyğun fəaliyyətin bundan sonra da davam etdirilməsinin zəruriliyini bildiriblər.

Eyni zamanda, A.Bağırov inzibati məhkəmələrin yaradılmasının və onların fəaliyyətinin əhəmiyyətini vurğulamış, inzibati icraat və məhkəmə-hüququ sistemindəki görülmüş işlər və inzibati məhkəmə icraatına dair dolğun qanunvericilik sistemi yaradılması üçün görülməli olan işlər haqqında məlumat verib. Həmçinin, A.Bağırov gələcəkdə inzibati icraatda "resume" sisteminin tətbiq olunması, sistemin mahiyyəti, şəffaflığın artırılması, yekunda statistik təhlil üsulu ilə inzibati qanunvericilik sahəsində boşluqların müəyyən olunması, problemlər aşkar edilməsi, qeyd olunan məsələlərin həll edilməsi üçün praktiki addımların atılması, oxşar məsələlərlə bağlı fərqli qərarlar məhkəmələrin iş yükünü artırması, məhkəmə işlərinin baxılma müddəti, araşdırılma qaydası, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, məhkəmdə qaldırılan iddialarda yol verilən nöqsanlar, mümkünlüklə bağlı problemlər və s. məsələlər ilə bağlı qeydlərini və təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə “İnzibati məhkəmə icraatında prosessual sənədlərin tərtibi”nə dair mövzu üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimli və Vəkillər Kollegiyasının üzvü Elçin Usub təqdimatla çıxış ediblər.

Təqdimatdan sonra mövzu ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb.

Oxşar xəbərlər