Məhkəmə rüsumları ilə bağlı əsas dəyişikliklər hansılardır? - SİYAHI


  • 28 İyul 2021 12:10

Mülki Prossual Məcəlləsinin 108-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun əvvəlki redaksiyası ilə müqayisə etdikdə dövlət rüsumunun ödənilməsi ilə bağlı aşağıdakı dəyişikliklərin edildiyi müəyyən edilir:

Dövlət rüsumunun ödənilməsi nəzərdə tutulan yeni hallar üzrə:

1) Əvvəl yalnız hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin verilməsi zamanı rüsumun ödənilməsi nəzərdə tutulmuşdır, lakin dəyişiklikdən sonra bütün xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizənin verilməsi zamanı rüsumun ödənilməsi tələb olunacaqdır;
(“Dövlət rüsumu haqqında” Qanuna əsasən 100 manat)

2) Əvvəl iddianın təmin tədbirinin görülməsinə dair ərizələrin verilməsi zamanı rüsumun ödənilməsi nəzərdə tutulmamışdır, lakin dəyişikliklərdən sonra müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin verilməsi, habelə təminat tədbirlərinin tətbiqi və ondan imtina barədə qərardadlardan şikayətlərin verilməsi zamanı rüsumun ödənilməsi tələb olunacaqdır;
(Ərizələrin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi həddində (hər bir halda 10 manatdan az olmamaqla), müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə - 50 manat)

3) Əvvəl əlavə kassasiya şikayətinin və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsi zamanı rüsumun ödənilməsi nəzərdə tutulmamışdır, lakin dəyişiklikdən sonra dövlət rüsumunun ödənilməsi tələb olunacaqdır;
(“Dövlət rüsumu haqqında” Qanunun müvafiq olaraq 8.1-ci və 8.2- ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həddində.)

4) Əvvəl MPM-də “iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulmasına dair qərardadlardan şikayətlərin verilməsi üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulsa da, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.17-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər müəyyən edilmiş rüsumun ödənilməsindən azad olunduqlarından ödənilmirdi. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.17-ci maddəsinə edilən dəyişiklikdən sonra bu qərardadlardan verilmiş şikayətlərin verilməsi zamanı da rüsumun ödənilməsi tələb olunacaqdır.
(“Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə əsasən 50 manat həddində.)

Dövlət rüsumunun dərəcələri ilə bağlı dəyişikliklər:

1) Əvvəl qiymətləndirilən iddialar üzrə rüsumun həddi 20 manatdan 30 manatadək idisə, dəyişiklikdən sonra rüsumun həddi 30 manatdan – 50.000 manatadək müəyyən edilmişdir;

2) Əvvəl qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə rüsumun həddi 10 manatdan 40 manatadək idisə, dəyişiklikdən sonra 100 manat həddində müəyyən edilmişdir;

3) Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə əvvəl 10 manat nəzərdə tutulmuşdursa, dəyişiklikdən sonra 100 manat həddində müəyyən edilmişdir;

4) Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə dövlət rüsumunun həddi əvvəl 10 manatla məhdudlaşırdısa, dəyişiklikdən sonra 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat məbləğində nüəyyən edilmişdir.

Sənan Hacıyev

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri

Oxşar xəbərlər