Ali Məhkəmədə koronavirus infeksiyası yaymaqda ittiham olunan Məmməd Ağayev və oğlu Elvin Ağayev barəsində verilən kassasiya protestinə baxılıb.
E-huquq.az xəbər verir ki, məhkəmə verilən protesti təmin etməyib. M. Ağayev və oğlu barəsində Bakı Apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
İttihamda göstərilib ki, hər iki şəxs COVİD-19-a yoluxmalarından şübhələnərək test veriblər. Elə həmin gün də testin cavabını alıb, virusa yoluxduqlarını bildikləri halda, Bakıya yola düşüblər.
Onlar Bakıya gələrkən mindikləri taksilərin sürücüləri və ünsiyyətdə olduqları başqa insanlar arasında xəstəliyin yayılması üçün real təhlükə yaradıblar və Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə ittiham edilərək məhkəmə önünə çıxarılıblar.
Onların vəkili Ayazbəy Əhmədov məhkəməyə xəstəxanaya verdiyi sorğunun cavabını təqdim edib. Sənəddən məlum olub ki, onlar koronavirusla bağlı testin cavabını beş gün sonra alıblar. Həmin vaxt isə ata və oğul artıq Bakıda xəstəxanada müalicə olunurmuşlar. Yəni, Bakıya gələndə hələ virusa yoluxduqlarını bilmirdilər.
Xətai rayon Məhkəməsi onlara bəraət verib. Bakı Apelyasiya məhkəməsi isə qərarı qüvvədə saxlayıb.
