"Ali Məhkəmə ədalətli qərar qəbul edərək Bakı Apellyasiya Məhkəməsinin qismən təmin etdiyi iddianı tam təmin olunması üçün geri qaytardı".
Bunu e-huquq.az-a açıqlamasında vəkil Ayazbəy Əhmədov deyib.
O bildirib ki, müdafiə etdiyi Gülşanə Quliyevanın (ad və soyad şərtidir) şərəf və layəqətinin alçaldılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etsə də, iddia təmin edilməyib:
"İşin mahiyyəti bundan ibarətdir ki, Sabunçu rayonu ərazisində yaşayan bir qadın bütün qonşuları təhqir edir, onların ünvanına nalayiq ifadələr işlədirdi. Hətta vəziyyət o həddə çatıb ki, qonşuların bəziləri bu vəziyyətdən bezərək köçüb gediblər. Deməli, qadın elə bir şərait yaradıb ki, həmin məhəllədə onlardan başqa heç kim yaşamasın. Amma bunu hansı məqsədlə etdiyi məlum deyil. Mənim müdafiə etdiyim xanım da bu vəziyyətdən zərər çəkmiş şəxslərdən biridir. Qonşu qadın hətta zərərçəkmişin onu ölümlə hədələməsi barədə hüquq-mühafizə orqanlarına da məktubla müraciət etmişdir. Biz təhqirlə bağllı videogörüntüləri və məktubu da əlavə edərək Sabunçu Rayon Məhkəməsinə müraciət etdik. Tələb etdik ki, həmin qadın öz əməllərinə görə üzr istəsin və mənəvi zərərə görə 50 min manat məbləğində pul tələbi də irəli sürdük. Sabunçu Rayon Məhkəməsi bizim iddiamızı rədd etdi. Bakı Apellyasiya Məhkəməsi isə 50 min manat məbləğində iddianı 200 manata endirdi və cavabdeh qarşısında təkzib məktubu yazmaq barədə öhdəlik qoydu. Daha sonra həmin qadın Ali Məhkəməyə şikayət etdi. Biz də öz növbəmizdə kassasiya şikayəti verdik. Məhkəmə qarşı tərəfin şikayətini təmin etmədi, bizim mövqeyimiz dəstəkləndi və hesab olundu ki, bizim hüquqlarımız tam bərpa olunmayıb. Qeyd olundu ki, videogörüntülərlə bağlı məsələyə yenidən baxılmalıdır və cərimənin məbləği artırılmalıdır. Şübhəsiz ki, Ali Məhkəmənin göstərişləri varsa, apellyasiya məhkəməsi işi yenidən araşdıran zaman onları icra etməyə borcludur".
Vəkil Ali Məhkəmənin qəbul etdiyi qərarı da müsbət qiymətləndirib: "Ali Məhkəmədə bir qayda olaraq qeyri-prosesual hərəkətlər rol oynamır. Bu da ondan irəli gəlir ki, Ali Məhkəməyə gənc, səriştəli və savadlı hakimlər təyin olunub. O hakimlər həqiqətən ədalətli hakimlərdir. Ali Məhkəmənin işləri daha yaxşı araşdırmasının nəticəsidir ki, məndə məhkəmələrə olan inam biraz artıb".
