Hakim Kənan Hüseynov Konstitusiya Məhkəməsinə müraciət etdi


  • 4 Mart 2023 20:02

Gəncə Şəhər Məhkəməsinin hakimi Kənan Hüseynov Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, o, müraciətində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsini Mülki Məcəlləinin 225.1-ci maddəsi, Ailə Məcəlləsinin 32.1-ci, 33.1-ci və 33.2-ci maddələri ilə müqayisəli şəkildə şərh edilməsini xahiş edib.

Həmin müraciəti təqdim edirik:

Gəncə Şəhər Məhkəməsinin icraatında Sxxxxx Axxxx Cxxxx oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı Qxxxxx Rxxxx Xxxxx oğlunun 02.11.2022-ci il tarixli, TP XXXXXXXXX nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə inzibati xəta haqqında iş vardır.

Şikayətçi Sxxxxx Axxxx Cxxxx oğlu şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi 20CS065 dövlət qeydiyyat nişanlı, "Mersedes Benz E230" markalı avtomobil ilə 02.11.2022-ci il tarixdə saat 13:50-də Gəncə şəhəri, Vaqif küçəsində hərəkətdə olduğu zaman Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı Qxxxxxx Rxxxxx Xxxxx oğlu tərəfindən "Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə" barəsində İXP XXXXXXX saylı protokol tərtib edilmiş və TP xxxxxxx saylı, 02.11.2022-ci il tarixli inzibati tənbeh verme haqqında qərar qəbul edilmişdir. Qərar əsasında o, AR IXM-in 332.1-ci maddəsi ilə 40 manat cərimə olunmuşdur. O, sözü gedən məsələ ilə bağlı Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı Qxxxxxx Rxxxxx Xxxxxx oğluna idarə etdiyi 20-xx-xxxx dövlət qeydiyyat nişanlı, "Mersedes Benz E230" markalı avtomobilin həyat yoldaşı Sxxxxx GXXXXX XXXXX qızının adına olmasını, birgə nikah dövründə əldə etdiklərini və bunu sübut etmək üçün nikah haqqında şəhadətnaməni təqdim etsə də, inspektor qərarın əsaslı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən onun barəsində olan həmin qərar tamamilə əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir.

Məhkəmədə şikayətə baxılarkən qanunvericlik normalarının tətbiqi ilə bağlı hakimlər arasında fikir ayrılığının olduğu, qeyd olunan məsələ ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşmadığı müəyyən edilmişdir. Belə ki, bəzi hakimlər ər-arvadın nikah dövründə əldə etdikləri əmlak olmasına baxmayaraq nəqliyyat vasitəsinin, onu idarə edən şəxsin adına qeydə alınmadığı və həmin şəxsə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmədiyi halda IXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olması ilə razılaşırlar. Digər hakimlər isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə istinad edərək ər-arvad nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin birgə mülkiyyətçiləri olduqları üçün həmin nəqliyyat vasitəsinin idarə edilməsindən ötrü əlavə olaraq etibarnamə verilməsinə zərurət olmadığını hesab edirlər. Eyni zamanda, son günlər şikayətdə göstərilən məsələ ilə bağlı ictimaiyyət arasında da geniş müzakirələr yaranmışdır. Belə ki, bir sıra kütləvi informasiya vasitələrində BDYPİ-nin nümayəndəsi nikah haqqında şəhadətnamənin nəqliyyat vasitəsini idarə etmək üçün kifayət etmədiyini, mütləq qaydada etibarnamə verilməli olduğunu, bununla bağlı barəsində tətbiq edilmiş inzibati tənbeh ilə razılaşmayan şəxsin məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmiş, lakin bir qrup hüquqşünas ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyat vasitəsini nikah haqqında şəhadətnamə əsasında da idarə edə bildiklərini qeyd etmişlər.

Məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsinə səbəb normativ hüquqi aktlar arasında olan qeyri-müəyyənlikdir. Belə ki, ər-arvadın birgə nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsi onlardan birinin adına qeydə alındıqdan sonra həmin nəqliyyat vasitəsini digərinin idarə etdiyi halda IXM-in 332.1-ci maddəsinə və "Yol hərəkəti haqqında" Qanununun 37-ci maddəsinə əsasən əlavə olaraq etibarnamənin tələb olunması Ailə Məcəlləsinin 33.1-ci maddəsi və Mülki Məcəllənin 225.1-ci maddəsi ilə uzlaşmır.

"Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsində sürücünün vəzifələrindən biri kimi digər sənədlərlə birlikdə etibarnaməni saxlaması və yol polisi əməkdaşı tərəfindən dayandırıldıqda həmin sənədləri təqdim etməsi göstərilmişdir. IXM-nin 332.1-ci maddəsində isə nəqliyyat vasitəsinin sahibi olmadığı halda nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Lakin Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar

arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin normaların tətbiqi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə görə ər- arvaddan birinin adına nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti olması prezumpsiyası mövcuddur. Belə ki, əksi sübuta yetirilincəyə qədər həmin əmlak onların birgə qazancı hesabına əldə olunmuş hesab olunur. Bundan başqa, Ailə Məcəlləsinin 33.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən isə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Həmin normaların təhlinindən göründüyü kimi ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ qarşılıqlı razılıq əsasında həyata keçirilməlidir. Həmin razılığın forması ilə bağlı qanununvericilikdə hər hansı hansı tələb müəyyən edilməmişdir. (Ailə Məcəlləsinin 33.4-cü maddəsindəki hal istisna edilməklə). Ailə Məcəlləsinin 33.2-ci maddəsindən belə anlaşılır ki, daşınar əmlakla bağlı ər- arvaddan birinin sərəncam verdiyi halda digərinin razılığının olması güman edilir, rəsmi reyestrdə qeydə alınmalı daşınar əmlaka sərəncam verildikdə isə razılığın güman edilməsi istisna olunur. Göründüyü kimi, qanunverici rəsmi reyestrdə qeydə alınmalı daşınar əmlaka yalnız sərəncam verildikdə razılığın sübut olunmasını nəzərdə tutmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, belə əmlaka sahiblik və istifadə hüququnun həyata keçirilməsi zamanı digər tərəfin razılığının olmasını ehtimal etməyi qadağan edən norma yoxdur. Bundan başqa, nəqliyyat vasitəsi yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılarkən, sürücü nikah haqqında şəhadətnaməni təqdim etdikdən sonra YPX əməkdaşının nəqliyyat vasitəsinin nikah dövründə əldə edildiyini gördüyü halda, həmin nəqliyyat vasitəsinin ər- arvadın birgə qazancı hesabına əldə olunmadığını və ya onların arasında başqa şərtlərlə nikah müqaviləsinin olduğunu, yaxud ər-arvad arasında razılıq olmadığını ehtimal edərək sürücünü inzibati məsuliyyətə cəlb etməsi Azərbaycan Respublikası IXM-nin 8-ci maddəsində qeyd edilən təqsirsizlik prezumpsiyası prinsipi ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, 33.1-ci və 33.2-ci maddələri ilə müqayisəli şəkildə şərh edilməsi zərurəti yaranmışdır.

Göstərilənlərə əsasən vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən, Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr icraatlarında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin I hissəsində, məhkəmələr isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130- cu maddəsinin VI hissəsini və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, 33.1-ci və 33.2-ci maddələri ilə müqayisəli şəkildə şərh edəsiniz".

Oxşar xəbərlər