Sənan Hacıyev: "Məhkəməyə müraciət üçün tələb olunan rüsumların məbləği vətəndaşların məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdırmır"


  • 27 May 2023 16:41

"Aparılan təhlillər onu göstərirdi ki, məhkəmələrdə kifayət qədər çox əsassız iddialar, vəsatətlər qaldırılırdı. Bu, bir tərəfdən sui-istifadə hallarına səbəb olmaqla yanaşı, məhkəmələrin əsassız iş yükünün artması ilə də nəticələnirdi".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Real TV-də yayımlanan "Femida vaxtı" verilişində deyib.

Onun sözlərinə görə, məhz bu problemin aradan qaldırılması və ədalət mühakiməsinin keyfiyyətinin artırılması baxımından 2021-ci ildə dövlət rüsumlarının məbləğlərinə dəyişikliklər edilib.

"Rüsumların məbləğlərinin artırılması ifadəsindən istifadə etmək istəmirəm. Çünki artırılma yox, iddianın qiymətinə diferensiallaşma tətbiq olundu. Yəni mütənasib olaraq artırılma tətbiq olundu. Əslində bu daha ədalətli yanaşmadır. Çünki iddianın qiyməti daha az olan işlər qərar qəbul etmək üçün daha az zaman və zəhmət tələb edir. Bu işlərdə iddianın qiymətinə uyğun olaraq, daha az dövlət rüsumu ödənilir. Dövlət rüsumlarının artırılması ilə bağlı məsələ həll olan zaman mütləq şəkildə aztəminatlı əhali ilə bağlı olan məsələlər də kənarda qalmadı. Dövlət rüsumundan azad olan şəxslər var. Bu qanunla müəyyən olunub. Eyni zamanda iddianın qiyməti aşağı olan iddialarda dövlət rüsumları ağlabatan həddədir və vətəndaşlarımızın məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdırmır. Belə ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) təhlillərini nəzərdən keçirdik. Məlum oldu ki, Avropa ölkələri sırasında məhkəmə sisteminin saxlama xərclərinin ortalama 20 faizi dövlət rüsumlarından daxilolmalar hesbaına təmin olunur. Azərbaycanda isə bu göstərici 2 faizdir. Eyni zamanda ÜDM göstəricisinə görə Azərbaycan Respublikasından kifayət qədər aşağı səviyyədə olan ölkələrlə müqayisə etdikdə belə, bizim dövlət rüsumları həddi ən aşağı hədd idi. Ona görə də dövlət rüsumlarının qaldırılmasında əsas məqsəd məhz əsasız iddia və vəsatətlərin məhkəmələrə gətirilməsinin qarşısının alınması ilə bağlıdır", - S.Hacıyev bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər