Məzmuna keç

Müəllimə qarşı 234 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Külli miqdarda dələduzluqda təqsirləndirilən Nihad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən baxış iclasında dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

Məlum olub ki, o, tanışı Tamam Nəbiyevaya Amerikadan hərrac yolu ilə 2018-ci il markalı "Mersedes" markalı avtomobil gətirmək adı ilə onun Yasamal rayonunda yerləşən 161 min manatlıq mənzilini Qabil Abbasova notarius yolu ilə 110 min manata sataraq pulu ələ keçirib.

Ümumilikdə Tamam Nəbiyevanın bank kartından göndərilən məbləğlərlə birgə 234 min 461 manat pulunu tamah niyyəti ilə ələ keçirib.

Təqsirləndirilən şəxs Nihad Əliyev hakimin "özünüzü bu işdə təqsirli bilirsiz?" sualına cavab verməyib və halının pis olması ilə əlaqədar məhkəmə prosesinin təxirə salınmasını istəyib.

Məhkəmə prosesi 17 sentyabr tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, Nihad Əliyevin atası Raiq Əliyev ARDNŞ-nin Neft Kəmərləri İdarəsində, əmisi Natiq Əliyev isə Dövlət Vergi Xidmətində vəzifəli şəxsdir.

Zərərçəkən Tamam İsmayıl qızı Nəbiyeva isə orta məktəb müəlliməsidir.

N.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu