- 16 Sentyabr 13:42
Azərbaycanda ipoteka saxlayanlar ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnu müqavilə əsasında dəyişdirə biləcəklər.
E-huquq.az xəbər verir ki, bu, "İpoteka haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
İclasda bildirilib ki, layihəyə əsasən ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.
Sənədə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq.
Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan ödəyəcək.
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Qanun layihəsinin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.