"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına töhfələrini özündə ehtiva edir" - Əliabbas Salahzadə


  • 16 İyun 17:11

“Türkiyə və Azərbaycan Prezidentlərinin belə bir tarixi sənədi Şuşada imzalanmasının rəmzi mənası var".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib. Dünyanın diqqətində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən, iki dost, qardaş ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoyan Şuşa Bəyannaməsindən danışan deputat bildirib ki, Qarabağın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalından sonra növbəti tarixi hadisəni yaşayıb.

Ə.Salahzadə qeyd edib ki, Şuşadan dünyaya mesajları özündə əks etdirən bu Bəyannamədə bütün sahələrin inkişafına xidmət edəcək addımlar öz əksini tapıb: Qarabağın tacı Şuşamızdan bir daha Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı, iki dost ölkənin hər zaman bir-birinin yanında olduğu bəyan edildi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya getmək istəyini ifadə etmişdir. Bu istək 6 aydan sonra reallığa çevrildi. Qarabağın döyünən ürəyi qonaqlarını qarşılamaqdan qürurlandı. Bu istəyin məhz Milli Qurtuluş Günündə gerçəkləşməsi səbəbsiz deyil. Azərbaycanın müstəqilliyinin daimiliyinin başlanğıc nöqtəsi olan 15 iyun 1993-cü ildən başlanan yol tariximizə Zəfər Günümüzü yazdı. Milli Qurtuluş Günündən başlanan inkişaf, tərəqqi Şuşamızı bizə qaytardı. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti bugünkü reallıqları yaratdı. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Ümummilli Liderin xidmətləri əvəzsizdir. Məhz Şuşa Bəyannaməsində böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin iki qardaş ölkənin əlaqələrinin inkişafına yol açan tezisləri öz əksini tapıb. Möhtərəm Prezidentimiz İlham Əliyev Şuşada Türkiyə Prezidenti ilə birgə mətbuata bəyanatında bildirmişdir ki, bu tarixi kəlamlar fəaliyyətimiz üçün əsas faktordur. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdirir və gələcək nəsillərə yol göstəririk".

Deputat bildirib ki, Şuşa qonaqlarını qarşılamaqdan sevinclidir: “28 ildən sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi bu qədim şəhərin əvvəlki şöhrəti özünə qayıdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra tarixi günlərdə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə səfərləri, yeni sosial obyektlərin təməlinin qoyulması, Böyük Qayıdışın sürətlənməsinə yönələn addımları qürurvericidir. Novruz, Ramazan bayramlarının ardınca Milli Qurtuluş Günündə Şuşanın yenidən yaşadığı tarixi gün Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən “Şuşa sən azadsan! Şuşa səni dirçəldəcəyik!” bəyan edən dövlətimizin başçısı İlham Əliyevin 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra dərhal işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın təmin edilməsi üçün görüləcək işlərə məhz mədəniyyət paytaxtımız Şuşadan başlaması hər bir vədinin konkret əməli işə əsaslandığını nümayiş etdirir. Cənab İlham Əliyevin Sərəncamı əsasında Prezidentin xüsusi nümayəndəsi ilk olaraq Şuşada fəaliyyətə başladı. Prezident İlham Əliyev düşmən tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin, unudulmaz sənətkar Bülbülün büstlərini 28 ildən sonra doğma yurduna qaytardı. Mədəniyyət paytaxtımız olan Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirilməsini önəmli vəzifə kimi qarşıya qoyaraq «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev hər bir vədinə əməl edir. 28 il düşmən əsarətində qalan torpaqlarımızı döyüşə-döyüşə azad edən, düşmənə sarsılmaz zərbə vuran, diz çökdürən, bütün dünyaya Azərbaycanın hərbi qüdrətini göstərən ordumuz müharibə tarixinə yeni səhifələr yazdı. Möhtərəm Prezidentimiz Şuşada mətbuata bəyanatında da bu məqamı xüsusi qeyd etmişdir ki, Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayaları görərkən alınmaz qala sayılan bu şəhəri azad etməyin böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət tələb etdiyini görür.”

Ə.Salahzadə vurğulayıb ki, bu tarixi səfərdən sonra mədəniyyət paytaxtımızın həyatında yeni səhifə açılır: “Şuşadan bölgəmizə və dünyaya verilən mesajlar çox önəmlidir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə qardaş Türkiyənin dəstəyi böyükdür. Türkiyə Prezidentinin “Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq” bəyanatı da gələcək hədəflərin açıqlanmasında yardımçıdır. Belə bir mühüm addımın reallığa çevrilməsi birliyimizin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, qardaş ölkənin bölgədə fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməsini təmin edəcək. Bir sözlə, Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yaranır. Bir daha dünyaya sübut olunur ki, bu birlik nümunədir.”

Oxşar xəbərlər