"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklər hüquq sisteminin təkmilləşdirilməsinə xidmət edir - Sədr


  • 10:19

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklər hüquq sisteminin təkmilləşdirilməsinə xidmət edir.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş 31 oktyabr 2025-ci il tarixli Qanunla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və digər qanunvericilik aktlarına edilmiş dəyişikliklər ölkəmizdə hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm və ardıcıl addım kimi qiymətləndirilməlidir.

A.Bağırovun sözlərinə görə, bu dəyişikliklər müdafiə hüququnun səmərəli təmin olunmasına, vəkillik fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təşkili və vəkilliyin institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir.

Sədr qeyd edib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən ən mühüm əlavələrdən biri vəkillik fəaliyyətinin müstəqil hüquq fəaliyyəti kimi qanunvericilik çərçivəsində bir daha tanınmasıdır: "Eyni zamanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları dəqiqləşdirilib, Vəkillər Kollegiyasının strukturunda dəyişiklik aparılaraq Vəkillərin İntizam Komissiyası və İxtisas Komissiyası Kollegiyanın orqanları sırasına daxil edilib"

Anar Bağırov bildirib ki, artıq Kollegiyanın orqanı olan Vəkillərin İxtisas Komissiyasının tərkibində vəkil üzvlərin sayı 5-dən 7-yə çatdırılıb.

O əlavə edib ki, digər yeniliklər sırasında vəkilin xidməti vəsiqəsi, vəkil orderi, vəkil sorğusu, vəkil sirri ilə bağlı anlayışlar, eləcə də vəkil sorğusuna cavab verilmə müddəti ilə bağlı məsələlər qanunvericilikdə öz əksini tapıb.

Sədr vurğulayıb ki, mühüm dəyişikliklərdən biri də vəkil olmaq üçün qanunda nəzərdə tutulan 3 illik staj tələbinin 1 ilə endirilməsidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər