"Vəkillər Kollegiyası ədalət mühakiməsi sisteminin formalaşmasında fəal iştirak edir"


  • 10:23

"Vəkillər Kollegiyası yalnız müdafiə funksiyasını həyata keçirən institut kimi deyil, bütövlükdə ədalət mühakiməsi sisteminin formalaşmasında fəal iştirak edən mühüm tərəf kimi çıxış edir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, Kollegiya Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində öz nümayəndəsi ilə təmsil olunur ki, bu da vəkillik institutunun məhkəmə hakimiyyətinin effektivliyinə və obyektivliyinə verdiyi töhfənin bariz göstəricisidir.

Sədr əlavə edib ki, Vəkillər Kollegiyası eyni zamanda Baş Prokurorluğun Elmi-Məsləhət Şurasında, Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında, habelə Məhkəmə Ekspertizası Şurasında nümayəndə ilə təmsil olunur.

A.Bağırov qeyd edib ki, dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Kollegiyanın qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

Sədrin sözlərinə görə, son 3 il ərzində Kollegiya tərəfindən 150-yə yaxın normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edilib ki, bu da onun normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyir.

A.Bağırov bildirib ki, Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında son 3 il ərzində Vəkillər Kollegiyası 80-dən çox iş üzrə mütəxəssis mülahizəsi təqdim edib.

O vurğulayıb ki, bu mülahizələr hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və hüquqi mövqelərin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər